AZ

Ermənistan silahlı qüvvələrinin hücumlarından zərərçəkənlər danışdı - MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 1-də davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Azər Abdullayev ifadəsində 2022-ci ilin sentyabrında Qubadlı rayonunda Ermənistan silahlı qüvvələrinin Gorus istiqamətindən törətdiyi təxribatın qarşısını alarkən qəlpə xəsarəti aldığını bildirib.

Samir Yusifov ifadəsində deyib ki, 2022-ci il sentyabrın 13-də Kəlbəcərdə tibb məntəqəsinin feldşeri qismində şəhidləri və yaralıları təxliyə edərkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Zərərəçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında təxliyə maşınının üzərində onun tibb xidməti avtomobili olduğunu bildirən nişanın olduğunu söyləyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Akifə Bayramova qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb. Akifə Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm hələ də müalicə olunur” deyib.

Gəncə sakini olan Nərbala Babayev də 2020-ci il oktyabrın 4-də baş vermiş raket hücumu zamanı evinin dağıldığını, özünün və oğlunun xəsarət aldığını söyləyib.

Amin Əsgərov, Eldar Məmmədov, Gülnarə Quliyeva, Aynurə Əliyeva, Kübra Ələkbərova da Vətən müharibəsi zamanı Gəncəyə raket hücumu nəticəsində yaşadıqları evlərin dağıldığını, özlərinin yaralandıqlarını diqqətə çatdırıblar. Vurğulayıblar ki, hadisə zamanı həyatını itirlənlər olub.

Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində 44 günlük Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 5-də Goranboyda qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində özünün və doğmalarının xəsarət aldığını deyib.

Qurban Qurbanov, Hüseyinbaba Sayıllı, Xəzri Əhmədov, Əliyar Məmmədov, Ehtiram Səmədov, Qasım Qəribov, Əli Qarazadə, Anar Alıyev, Ülvin Musayev, Əlihüseyn Şahbazov, Asim Mikayıllı, Rəhman Qasımov, Rəhman Qasımov və Ceyhun Xankişiyev ifadələrində 2022-ci il sentyabrın 12-14-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin Cermuk istiqamətində təxribatının qarşısını alarkən yaralandıqlarını söyləyiblər. Onlar bildiriblər ki, həmin vaxt Azərbaycan hərbçiləri arasında şəhid olanlar və yaralananlar da olub. C.Xankişiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələrinin ilk təxribatı deyildi: “Düşmən 2020-ci ildəki məğlubiyyətlə barışa bilmirdi, yüksəklikləri ələ keçirmək istəyirdi”.

Saleh Həsənov, Mehdi Yusifov, Səfa Məmmədov, Əliş Şamıyev, Fərid İlyaszadə, Sənan Mirzəliyev ifadələrində 2022-ci sentyabrın 12-dən 13-nə keçən gecə Zəngilanda Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən xəsarət aldıqlarını qeyd ediblər. Həmin vaxt onların hərbçi yoldaşları arasında həyatını itirənlər və yaralananlar da olub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Cavanşir Tahirli 2016-cı il iyunun 1-də Tərtər rayonunun Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq törətdiyi təxribat nəticəsində güllə xəsarəti aldığını bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Yusif Məmmədov 2015-ci il aprelin 3-də Füzuli-Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatını qarşısını alarkən snayper atəşi nəticəsində yaralandığını söyləyib.

İfadə verən digər zərərçəkmiş şəxslər Anar Nəbiyev, Murad Musayev, Xəyal Abbasov, İlkin Tağıyev, Seymur İsmayılov, Ədalət Məmmədov, Həsən Qədiməliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

Aqil İspərzadə, Möhsüm Kərimli və Murad Babazadə Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər.

Şahin Qarayev ifadəsində 2021-ci il noyabrın 21-də yaşadığı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi ərazisində mina partlaması nəticəsində yaralandığını bildirib.

Nahid Yolçuyev ifadəsində 2010-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndində hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Şakir İsmayılov ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını deyib.

Ruhin Vəliyev isə 2022-ci il iyunun 17-də Cəbrayılda minatəmizləmə ilə məşğul olarkən mina partlayışı nəticəsində xəsarət aldığını söyləyib.

İsmayıl Hüseynov və Tural Xanəliyev də öz növbələrində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon Balayanın vəkili dövlət qurumlarından birinə təyinat alıb. Bu səbəbdən də ona yeni müdafiəçi təyin edilməlidir. Məsələyə münasibət bildirən təqsirləndirilən şəxs L.Balayan “Əgər o qalsaydı, daha yaxşı olardı” deyərək yeni vəkil təyin edilməsinə etirazının olmadığını bildirib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev L.Balayana yeni vəkil təyin ediləcəyini söyləyib.

Məhkəmə prosesi avqustun 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Seçilən
33
10
unikal.az

10Mənbələr