Müasir dövrdə texnologiyanın həyatımıza sürətlə daxil olması ilə yanaşı, onun gətirdiyi fəsadlardan biri də rəqəmsal asılılıqdır. Smartfonlar, sosial media, onlayn oyunlar və digər rəqəmsal platformalardan həddindən artıq və nəzarətsiz istifadə insanların psixoloji, sosial və fiziki sağlamlığına mənfi təsir göstərir. Rəqəmsal asılılığın yaranma səbəbləri, nəticələri və onunla mübarizə yolları barədə mütəxəssis psixoloqların fikirlərini öyrəndik. Psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında bildirib ki, rəqəmsal asılılıq texnologiyadan istifadə zamanı yaranan psixoloji ehtiyacdır və bu hal fərqinə varmadan formalaşır: 
“Rəqəmsal asılılıq dedikdə, smartfon, sosial media, onlayn oyunlar və alış-veriş platformalarından nəzarətsiz istifadə başa düşülür. Bu, real həyatdan uzaqlaşma, sosial əlaqələrin zəifləməsi və şəxsi həyat keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir". Psixoloq qeyd edib ki, bəzi insanlar “məndən narahat olurlar” kimi bəhanələrlə bu vərdişi əsaslandırırlar. Lakin gerçəkdə bu, psixoloji ehtiyacların - tənha qalmaq qorxusu, boşluq hissi və özünə fokuslana bilməmək kimi problemlərin nəticəsidir. Əgər şəxs bu haldan özü çıxa bilmirsə, mütləq şəkildə psixoloq müdaxiləsi vacibdir: "İnsan gününün çox hissəsini telefonda, sosial şəbəkələrdə keçirirsə, o zaman bu artıq vərdiş deyil, asılılıqdır. Belə insanlar telefondan ayrılanda narahatlıq keçirirlər, sosial mediaya daxil ola bilməyəndə aqressiv davranırlar. Bu isə psixoloji pozuntunun başlanğıcıdır". Psixoloq Gülnar Orucova rəqəmsal asılılığın həm müsbət, həm də mənfi tərəflərinə diqqət çəkib.
Onun sözlərinə görə, bu texnologiyalar təhsilə, informasiya əldə etməyə, sosial əlaqələrə müsbət təsir göstərsə də, həddindən artıq istifadə ciddi psixoloji nəticələrə yol aça bilər: “Rəqəmsal texnologiyalar düzgün istifadə olunarsa, informasiya əldə etmə, təhsil və sosial əlaqə baxımından faydalıdır. Amma həddi aşdıqda ciddi mənfi nəticələr doğurur: Məsələn, yuxu pozuntuları, depressiya, özgüvənin azalması, sosial təcrid, tənbəllik və real həyatdan uzaqlaşma müşahidə edilir. Xüsusilə sosial mediada başqaları ilə özünü müqayisə edən insanlarda psixoloji narahatlıqlar artır". "Azərbaycanda da rəqəmsal asılılığın neqativ təsirləri geniş yayılıb. Bu, sosial şəbəkələrdə aqressivlik, hətta canlı yayımlarda təhlükəli davranışlarla özünü göstərir,"- deyə psixoloq qeyd edib. Psixoloq Ülviyyə Murtuzova isə rəqəmsal asılılıqdan qurtulma yollarını açıqlayıb.
Onun sözlərinə görə, bu tip asılılıqlar digər maddə, qida, alkoqol və qumar asılılığı qədər təhlükəlidir və şəxsdə ciddi psixoloji ehtiyacdan yaranır:
“Rəqəmsal və sosial asılılıq psixoloji pozuntudur və bəzi hallarda maddə asılılığı qədər təhlükəlidir. Ağır formaları stasionar müalicə və dərman müdaxiləsi, yüngül halları isə psixoterapiya tələb edir". Psixoloq qeyd edib ki, əsas çıxış yolu şəxsi boşluğu faydalı və maraqlı fəaliyyətlərlə doldurmaqdır. Kimisi üçün at sürmək, kimisi üçün üzgüçülük, kimisi üçün avtomobil idarə etmək kimi fərqli məşğuliyyətlər bu boşluğu kompensasiya edə bilər. Əsas məqsəd isə şəxsin bu asılılıqdan özü iyrənməsi və onu mənəvi olaraq əvəz edə biləcək bir maraq sahəsi tapmasıdır. Məcburiyyət və qadağalar heç bir effektiv nəticə vermir. Ülkər Cəlilzadə / Metbuat.az