525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bataqlıq
İnanın ki, nə gizlətmək, nə bilməmək,
nə də daş atmaq günahdır...
Ən azından bizim üçün...
Qarışdıra biləcəyin
ən sonuncu mühitdir bataqlıq.
Göl desən,
ağlından çıxarmalı olduğundur bataqlıq.
Üzmək istəməsən, girəcəyin ən rahat məkan,
Batmaq istəsən, düşəcəyin ən uyğun yerdir bataqlıq.
İstəməyənin,
“maraqsız”ı seçə bilənin ünvanıdır bataqlıq.
Görməyənin,
qanmayanın tanımadığı,
fəqət mütləq tanıyacağı yerdir bataqlıq.
Böyük hərflə yazmamalı olduğun addır bataqlıq,
Onunla oynamasan,
sənə bulaşmayacaq yeganə çirkabdır bataqlıq.
Təbiətin bataqlığı deyil bu yerdən-yerə vurduğum.
Çünki o,
görmədiyimiz daha nələr, nələr gizlədir içində.
Bizimki isə, anlayın artıq,
bu qədər zaman keçsə belə,
haqqında bir kəlmə də bilmədiyimiz bataqlıqdır:
Ədəb naminə,
atdığımız daşı özümüzə qaytaran bataqlıq.
Danırıq
- Sülh üçün mütləq müharibə olmalıdır?
- Bilmirəm... ancaq...
Danırıq qəlib olmuş qəlbləri,
Düşsə də torpağa bizim olmayacaq qəlpələri.
Danırıq, danlayırıq Allahın da yerinə.
Dan yerinin sahibinə nəsə öyrədirmiş kimi.
Baxmırıq təpəyə-düzə...
Danırıq, hansı üfüqdən çıxsa da Günəş.
Deyirik: “Çox parladın, azca gözlə!”
Budur bizim gücümüz - inkar edərkən bəsirəti,
Budur bizim gücümüz - sezəndə ən böyük fəziləti.
Ortalıqda söz olur,
qovğa qopur,
Nə üçün?
Bunun üçün, ay dananlar!
Bəlkə də baxsaq xəzinə kimi,
batininə hər şeyin,
Görmədiyindən qorxanlarımız da nəsə anlayar.
Çünki adına “qaranlıq” deyilən
gecələrin birində
itəcək aydınlığa əngəl olan hər nöqtə.
Aşkar görünəcək hər doğru söz bəyaz səmada.
Baxın, görəcəksiniz onda:
Sizdən bir biz yaranacaq,
Bir səhvi, bir düzü, bir günahı,
bir savabı qalan,
Bir sancan, bir də sancılmış olan,
Bir də geridə buraxdıqlarına da
Heyranlıqla baxan biz.
İdbar
Adımız iki dəfə qoyulur:
Biri heçlikdə,
Digəri isə heçlikdən çıxa biləcəyimiz anda.
Çıxanda öz içindən İnsan,
Qalanda yerində idbar
Adsız qalmırıq...
Ancaq elə adı ən rəzil möhtəkir də
satmağa utanar.
Onda ki, adımız, varlığımız idbara çevrilir
bəzi gözlərdə,
ən çox da görməyənlərdə,
bir söz baş qaldırır batinimizdən:
Qəlbindən gələn qədər sev məni,
Əlindən gələn qədər qoru,
Çünki mən o qədər sevirəm,
Elə fərəhliyəm,
sanki
idbar adlanan hər şeydən uzaq kimi gəlir həyat.
Gözümdən axan yaşdır idbar,
Yalnız iki seçimi var.
Ya sevincdən süzülüb gedəcək,
ya da...
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.