AZ

Rusiya Azərbaycanla düşmənçiliyi dərinləşdirdi - ölmüş “Stepanakert oyunu”...


Qulamhüseyn Əlibəyli: “Bunlar hamısı Rusiyanın dövlət siyasətinin tərkib hissəsidir”

Məlum olduğu kimi, Azərbaycan Qarabağda suverenliyini bərpa edəndən sonra separatçıların tikdiyi bəzi qanunsuz tikililəri, saxta və tarixlə bağlılığı olmayan abidələri söküb.

O da məlumdur ki, Rusiya sülhməramlıları Qarabağa yerləşən kimi, müxtəlif dəxli olmayan heykəllər ucaltdılar. Onlardan biri də Rusiya imperiyasının mövcud olduğu illərdə yaşamış erməniəsilli rəssam İvan Ayvazovski idi. 2021-ci ildə işğal altındakı Xocalıda ruslar qanunsuz olaraq onun büstünü qoyub. Azərbaycan da haqlı olaraq həmin büstü söküb.

Bu arada Kremlin nəzarətindəki media və siyasətçilər İvan Ayvazovskinin büstünün götürülməsi ətrafında haray-həşir salıblar. Utanmazcasına bunu “vandalizm” adlandırıblar. İcazəsiz heykəl qoyduqları bəs deyil, hələ bizə qarşı ittiham irəli sürürlər. Eyni zamanda Rusiya dövlət informasiya agentliyi TASS-da “Xankəndi” toponimi agentliyin xəbərlərindən çıxarılıb və əvəzində erməni separatçılarının istifadə etdiyi “Stepanakert” adı yenidən dövriyyəyə buraxılıb. Bu, açıq-aşkar təxribatdır. Ayvazovski Krımda anadan olub, orada da vəfat edib. Belə olan halda Ayvazovskinin Qarabağa nə aidiyyəti var?

“Sülhməramlıların Qarabağda qoyduqları heykəllər qanunsuz idi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik ilk növbədə ölkəmizin nüfuzunun artması və müstəqil siyasət yeritməsi ilə bağlı olan məsələdir: “Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı olan məsələni də nəzərdən qaçırmaq olmaz. Rusiya çalışır ki, bütövlükdə Zəngəzur dəhlizinə nəzarəti həyata keçirsin. O cümlədən, Cənubi Qafqaz da onun təsir dairəsində qalmış olsun. İndi Ermənistanla münasibətlər gərginləşib, Gürcüstanla münasibətlər əvvəldən pozulmuşdu. Azərbaycanla münasibətlər az-çox normal idi, amma ötən ilin sonlarından başlayaraq Rusiya bunu daha da gərginləşdirmək yolunu tutdu. Söhbət Azərbaycana məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından gedir. Rusiya buna görə üzərinə məsuliyyət götürmədi, üzr istəmədi. Tam əksinə, Rusiya mediası ölkəmizin ünvanına qara yaxmaqla məşğul oldu. Ondan sonra diasporumuzun cəzalandırılmasına, üzvlərinin qətlə yetirilməsinə qərar verildi. Məqsəd Azərbaycana təzyiq göstərmək idi. Bunlar hamısı Rusiyanın dövlət siyasətinin bir tərkib hissəsidir. O cümlədən, TASS-ın Xankəndini “Stepanakert” adlandırması da bunun tərkib hissəsidir. Sanki bununla bizə “göz dağı” verirlər. Xalqımızın hissləri ilə oynayırlar. Bu, Azərbaycanın daxili işinə kobud müdaxilədir. Digər tərəfdən, sülhməramlıların Qarabağda qoyduqları heykəllər qanunsuz idi. Onların belə bir səlahiyyəti yox idi. Azərbaycan Qarabağa dəxli olmayan adamların heykəllərini haqlı olaraq sökür. Rusiya isə bunu “vandalizm” adlandırmaqla Azərbaycanın daxili işinə kobud müdaxilə edir. Qarabağa aidiyyəti olmayan erməni əsilli şəxsin heykəlinin orada nə işi var? Niyə bu heykəli rus sülhməramlıları qoymalıdır? Axı bu, onların səlahiyyətinə aid məsələ deyil. Rusiyada buna isterik yanaşmalar gərginliyi daha da artırmağa xidmət edir. Rus mediasında belə yanaşma Moskvanın bir təzyiq vasitəsidir. Anlamaq istəmirlər ki, Azərbaycan müstəqil siyasət yeridir və öz yolunu müəyyənləşdirib. Regionda təsir imkanları artıb. Ölkəmizlə daha təzyiq dilində danışmaq olmaz. Yeganə təsir vasitəsi Qarabağda erməni separatizmi idi, 2023-cü ildə buna son qoyduq”.

Vidadi ORDAHALLI

Seçilən
55
baki-xeber.com

1Mənbələr