Rusiya Əmək Nazirliyi rus dilini bilməyən əcnəbi işçilərin bir sıra xidmət sektorunda işə götürülməsini qadağan edən qanun layihəsi təklif edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın Əmək nazirliyi Teleqram kanalında məlumat yayıb.
“Əmək Nazirliyi xidmət sektorunda rus dilini bilməyən əcnəbi işçilərin işə götürülməsini qadağan edən reqlamenti ictimai müzakirəyə təqdim edib”, – məlumatda bildirilib.
Qeyd edilib ki, yeni tələblər Rusiya vətəndaşları ilə birbaşa ünsiyyəti nəzərdə tutan peşələrə şamil ediləcək. Taksi sürücüsü, satıcı və tibb işçiləri belə peşələrdən hesab olunur.
“Bu layihə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də əhalinin təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır. Rus dilini bilmək bu cür mütəxəssislərin səmərəli işləməsi üçün zəruri şərtdir”, – nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, bundan əvvəl kvota əsasında gələn bəzi əcnəbi işçilər üçün məcburi rus dili imtahanını ləğv edən qanun qəbul edilmişdi. İndi yeni qayda yalnız Rusiyaya vizası olan ölkələrin vətəndaşlarına şamil edilir ki, bura Çin, Hindistan, Türkiyə kimi ölkələr daxildir.