Bakı, 1 avqust, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı imzalanan Fərman ana dilimizin yaşadılması və yüksək səviyyədə təşviqinə yönəlib. Eyni zamanda, bu Fərman milli strateji sənəddir. Çünki bu gün dilimizin qorunması milli təhlükəsizlik, ideoloji müstəqillik və beynəlxalq mövqe baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Bu Fərman bir daha göstərdi ki, Azərbaycan dövlətinin dil siyasəti dəqiq, ardıcıl və məqsədyönlü şəkildə aparılır.
Bu fikirləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı AZƏRTAC-a açıqlamasında söyləyib.
“Fərmanda Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə toxunulub. Bu, çox böyük mədəni-siyasi potensiala malik məsələdir. Uzun illər diplomatik fəaliyyət göstərdiyim üçün, deyə bilərəm ki, ədəbiyyat sözün əsl mənasında mədəni diplomatiyanın önəmli vasitələrindəndir. Folklor və ədəbiyyat xalqın keçmişini, düşüncə tərzini, estetik dünyasını olduqca təsirli şəkildə izah edə bilir. Biz Füzulini, Nizamini, Sabiri, Mirzə Cəlili, eləcə də neçə-neçə klassiklərimizi, mütəfəkkirlərimizi, şairlərimizi, yazıçılarımızı xarici dillərə çevirdikcə, Azərbaycanı dünyaya təqdim edirik. Bu, sadəcə, mədəni tanıtım deyil, Azərbaycanın dünyada ideoloji mövqeyini gücləndirən prosesdir”, - deyə o vurğulayıb.
Deputat, həmçinin Fərmanda Dövlət Dil Komissiyasının yeni tərkibdə qurulmasının nəzərdə tutulmasından bəhs edib: “Düşünürəm ki, dil komissiyamız müasir dünyanın reallıqlarına uyğunlaşmalıdır. Təkcə dilçi alimlər yox, həm də media mütəxəssisləri, texnoloqlar, təhsil ekspertləri burada təmsil olunmalıdırlar. Əgər dilin gələcəyindən danışırıqsa, o zaman bu gələcəyi formalaşdıracaq platformalarda, yəni internetdə, süni intellektdə, təhsil mühitində ana dilimizi necə inkişaf etdirəcəyimizi düşünməliyik. Bu, yalnız nəzarət xarakteri daşımır. Bu, kreativ təşəbbüslərlə gələcəyə baxışdır. Unutmamalıyıq ki, dil kitablar, qəzetlər, müxtəlif yazılı mənbələr ilə yanaşı, həm də sosial mediada, televiziyada, məktəbdə, küçə reklamlarındadır. Bu gün müşahidə edirik ki, sosial şəbəkələr mühitində dil yalnız informasiyanın ötürülməsi vasitəsinə çevrilib. Halbuki dil bizim milli mədəni kimliyimizin kodudur. Yeni Fərman bu məsələyə dövlət səviyyəsində müdaxilə imkanı yaradır”.
Azərbaycan xalqının əsrlər boyu öz dilinə sahib çıxmasından və onu daha da zənginləşdirməsindən bəhs edən Günay Əfəndiyeva vurğulayıb ki, ana dili yazılı və şifahi ədəbiyyatımızın mayasıdır:”Dil ana laylasından beynəlxalq tribunalara qədər hər bir sahədə xalqımızın milli ruhunu ifadə edir. Tariximizin elə səhifələri var ki, orada dilimiz təkcə ifadə vasitəsi deyil, həm də mübarizə silahına çevrilib. Azərbaycan dili dəfələrlə bu mübarizənin mərkəzində olub. Xüsusilə sovet totalitarizminin sərt illərində milli kimliyimizin daşıyıcısı olan ana dilimiz sıxışdırılıb, təzyiqlərə məruz qaldı. Bu siyasət yalnız rəsmi dairələrdə deyil, ədəbiyyat və mədəniyyət sahəsində də acı nəticələr verdi. Dilini sevən, onu yaşadan söz adamları – Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad və başqaları milli düşüncəyə sədaqətlərinə görə repressiyalara məruz qaldılar, həyatları yarımçıq qaldı. Lakin onların yazdıqları, söylədikləri zamanın sınaqlarından güclü çıxdı. Bu gün Azərbaycan dili dövlət dilidirsə, azaddırsa, inkişaf yolundadırsa, bu həm də həyatlarını fəda etmiş həmin o söz adamlarının müqəddəs irsi sayəsindədir”.
Deputat bildirib ki, Sovet imperiyası tərəfindən Azərbaycan ilə yanaşı, ümumilikdə türk xalqlarına qarşı məqsədyönlü şəkildə dillə bağlı siyasət həyata keçirilib: “Sovet ideoloqları yaxşı bilirdilər ki, dil milli kimliyin formalaşmasında açar rolu oynayan bir amildir. Onlar bu açarı türk xalqlarının bir-birinə açılan qapılarını bağlamaq üçün istifadə etdilər – qardaş dilləri yadlaşdırmaq, ortaq yaddaşı susdurmaq üçün. Onlar o açarı Türk birliyinə, bizim ümumi gələcəyimizə aparan yolları bağlamaq üçün istifadə etdilər. Ümumtürk mədəni inteqrasiyasını onilliklərlə geriyə atdılar. Amma nəticəsi nə oldu? indiki Türk dünyasının mənzərəsinə baxın. Artıq tamamilə başqa reallıq yaranıb. Müstəqil türk dövlətləri arasında ortaq əlifbaya keçid təşəbbüsləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində dil və mədəniyyət sahəsində əməkdaşlıqlar, dilin milli birləşdirici vasitə kimi qəbul olunması – bunlar hamısı günümüzün gerçəkliyidir. Böyük qürurla deyirik ki, Azərbaycan bu prosesin öncüllərindəndir”.
Günay Əfəndiyeva diqqətə çatdırıb ki, 1970-1980-ci illərdə SSRİ-də ana dili məsələsini açıq-açıq müdafiə etmək böyük siyasi riskə getmək idi. Amma Ulu Öndər Heydər Əliyev bunu edib. 1978-ci ildə məhz Ümummilli Liderin qətiyyəti ilə bu məsələ konstitusiyaya salınıb. Bu isə böyük cəsarətin nəticəsi idi.
Deputat latın qrafikalı Azərbaycan əlifbasına keçidi XX əsrin sonunda milli müstəqilliyimizi möhkəmləndirən mühüm addımlardan biri kimi dəyərləndirib. O deyib ki, bu, sovet dönəminin ideoloji təsirlərindən azad olmaq və müasir informasiya cəmiyyətinə inteqrasiyanın təmin edilməsi idi. Günay Əfəndiyeva vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün elan olunması dil siyasətinin müstəqil Azərbaycan dövlətinin strateji prioritetlərindən olduğunu sübut edib. Dilimizin mühafizəsi isə bütövlükdə cəmiyyətin vəzifəsidir. “Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir. Buna görə də ana dilimizin qoruması işində hər birimiz məsuliyyətlə və fəal şəkildə iştirak etməliyik”, - deyə Günay Əfəndiyeva vurğulayıb.