AZ

“100 min gəncin taleyini həll edən prosesə cəmi 9 gün vaxt ayrılılıb“ ”Bu, nə məntiqli, nə də ədalətlidir...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Təhsil eksperti Kamran Əsəfov bu ilki ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesini sərt tənqid edib. O, bildirib ki, hər il yüz minlərlə gəncin gələcəyini müəyyən edən bu strateji mərhələdə planlaşdırma və idarəetmə prinsipləri insan amilini hələ də nəzərə almır.

Ekspert qeyd edib ki, bu il elektron ərizə təqdim edənlərin sayı 131 168 nəfərə çatıb, onlardan təxminən 100 000 nəfəri real müsabiqə iştirakçısıdır: “Bu qədər böyük kütləyə ixtisas seçimi üçün cəmi 9 gün vaxt ayrılıb. Bu, sağlam idarəetmə qərarı deyil və nə məntiqlə, nə də ədalətli yanaşma ilə izah oluna bilər”.

Kamran Əsəfov vurğulayıb ki, yalnız I ixtisas qrupu üzrə 31 000-dən çox, II qrup üzrə 26 000-dən çox, III qrup üzrə 28 500-dən çox, IV qrup üzrə 6 600-dən çox, V qrup üzrə isə 10 000-dən çox abituriyent iştirak edir: “Bundan əlavə, 30 000-ə yaxın subbakalavr da bu prosesə qoşulur. Belə geniş kütlənin həyatını formalaşdıracaq qərarı verməsi üçün ən azı 13-14 gün vaxt tələb olunur. Amma DİM cəmi 9 gün ayırır”.

Əsəfov qeyd edib ki, bu vəziyyət magistratura və orta ixtisas təhsili ilə müqayisədə daha da anlaşılmaz görünür: “Magistratura pilləsinə 20 000 iştirakçı üçün 10 gün, orta ixtisas təhsilinə 27 000 iştirakçı üçün 8 gün verilir. Amma 100 000-dən çox gəncin taleyini həll edən ali təhsil seçiminə daha az vaxt ayrılır. Bu, izaholunmazdır”.

Ekspert diqqətə çatdırıb ki, Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Vəfadar Misirov iyulun 30-da 10 gün vaxt ayrılacağını açıqlasa da, reallıqda müddət 9 gündür: “Belə qeyri-sabit və ziddiyyətli qərarlar abituriyentlərdə haqlı narazılıq yaradır, prosesə olan etimadı sarsıdır. Dövlət qurumlarının əvvəlcədən elan etdiyi şərtləri sonradan dəyişməsi gənclərin günahı deyil, lakin onların taleyinə birbaşa təsir göstərir”.

Kamran Əsəfovun fikrincə, qəbul prosesi illərdir göstərir ki, ixtisas seçimi mərhələsi planlı və rasional şəkildə təşkil edilmir: “Gənclərə qərar vermək üçün kifayət qədər vaxt ayrılmır, şəffaflıq və sabitlik təmin edilmir. Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır. Təhsil idarəçiliyi belə strateji mərhələlərdə daha məsuliyyətli və insana yönəlik qərarlar qəbul etməlidir. Əks halda ədalətsizlik və çaşqınlıq davam edəcək”.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azpolitika.info

1Mənbələr