AZ

Nəhəng bazar, böyük fürsət: Azərbaycan orada nələr sata bilər?

Son illərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi müşahidə olunur. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1,4 milyard dolları üstələyib.

Ənənəvi olaraq enerji resursları ixracda üstünlük təşkil etsə də, artıq kənd təsərrüfatı və emal məhsullarının da Çinə ixracı gündəmdədir. Azərbaycandan Çinə fındıq və badam ixracına hazırlıq gedir. Artıq Çinə toyuq ayaqlarının ixracı məsələsi də gündəmdədir.

Bəs, görəsən, bu bazar Azərbaycan üçün hansı perspektivlər vəd edir? Növbəti mərhələdə daha hansı məhsularımızın Çinə ixracı mümkündür?

İxracda yeni hədəflər

Millət vəkili Vüqar Bayramov deyir ki, Çin istehlakçı sayına görə dünyanın ikinci bazarıdır: “Eyni zamanda, alıcılıq qabiliyyəti baxımından da Çin bazarı qlobal olaraq seçilir. Təbii ki, burada kifayət qədər böyük tələb var. Qiymətləndirmələr göstərir ki, Azərbaycanın Çinə ixracatında daha çox üstünlük ərzaq və kənd təsərrüfatı məhsullarına verilə bilər. Ərzaq məhsulları baxımından Çin bazarı Azərbaycan üçün kifayət qədər cəlbedici və rentabelli hesab olunur. Xüsusən nəzərə alsaq ki, Azərbaycan idxalda artıq Çinlə ən böyük tərəfdaşdır. Bu kontekstdən həm də bizim ixrac potensialımızı artırmaq lazımdır. Çünki Çindən daha çox məhsul idxal etdiyimizdən vacib məqamlardan biri də odur ki, bu ölkəyə ixracın artırılmasına nail olaq”.

Millət vəkilinin fikrincə, Çin bazarına ərzaq məhsulları ixracı üçün geniş imkanları var: “Məsələn, həm meyvə suları, həm xammal, eləcə də emaledici kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması potensialı yüksək qiymətləndirilir”.

İstehsalın artırılmasına ehtiyac var

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Çin bazarı qeyri-neft sektoru üçün əhəmiyyətli ola bilər: ”Çinlə Azərbaycanın geniş ticarət əlaqələri var. Amma biz daha çox bu ölkədən idxal edirik, ixrac zəifdir. Əslində nə istehsal edə biliriksə, onu Çinə ixrac etmək mümkündür. Bazara girmək üçün çinli tərəfdaşlarla əlaqə qurulmalı, ixrac ediləcək məhsul rəqabətli olmalıdır. Çünki Çin bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf edib, özlərinin bərəkətli torpaqları var.

Təəssüf ki, hazırda Çinə əsasən, neft-kimya məhsulları ixrac edə bilərik. Yəni, biz xammal ixrac edən ölkəyik. Qızıl, neft-qaz, müəyyən qədər kənd təsərrüfatı məhsulları, pambıq çiyidi, gübrə və s. Normal istehsal olmalıdır ki, ixracın şaxələndirilməsi barədə düşünə bilək”.

Seçilən
40
8
publika.az

9Mənbələr