BAKI, 2 avqust. TELEQRAF
Azərbaycan dünya miqyasında vacib qaz təchizatçısına və enerji təhlükəsizliyinə töhfə verən mühüm bir dövlətə çevrilib.
Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən mərasimindən sonra jurnalistlərlə söhbətində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Suriyada enerji təchizatının dayanıqlı olmaması milyonlarla insanın həyat şəraitini ağırlaşdırır.
"Suriyaya verilən Azərbaycan qazından elektrik enerjisinin istehsalı üçün istifadə olunacaq. Bu Cənab Prezidentin həyata keçirdiyi siyasətin nailiyyətidir. Qısa müddətdə həyata keçirilən işlər Azərbaycanın nüfuzu olmadığı halda mümkün olmazdı", - nazir əlavə edib.