AZ

Azərbaycan Suriya üçün iqtisadi infrastrukturun bərpasında ən etibarlı tərəfdaşlardan biri kimi görünür - RƏY

Azərbaycan Suriya üçün iqtisadi infrastrukturun bərpasında ən etibarlı tərəfdaşlardan biri kimi görünür.

Bu barədə “Report”a açıqlamasında iqtisadiyyat üzrə fəlsəfə doktoru, siyasi şərhçi İlqar Vəlizadə danışıb.

O qeyd edib ki, son illər Azərbaycan-Türkiyə tandemi büyük regionda - Cənub-Qərbi Asiyada mühüm rol oynamağa başlayıb və bu tandem təkcə siyasi yox, eyni zamanda, böyük iqtisadi potensiala malikdir:

“Ötən onilliklər ərzində Azərbaycanla Türkiyə arasında yaranmış çox mühüm transregional enerji infrastrukturu hazırda müəyyən dərəcədə geosiyasi amilə də çevrilib. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həmçinin TANAP, TAP kimi layihələr regionun iqtisadi enerji xəritəsini xeyli dəyişib. Ancaq Azərbaycan-Türkiyə əlaqələri bununla bərabər müxtəlif coğrafiyalarda-Suriyada, həmçinin İraqda və digər yaxın bölgələrdə gedən siyasi proseslərə də müsbət təsir göstərir”.

Ekspert Suriyanın uzun illər davam etmiş dağıdıcı vətəndaş müharibəsindən çıxan bir ölkə olduğunu xatırladaraq bu səbəblə onun iqtisadiyyatının müəyyən dərəcədə sıradan çıxdığını da diqqətə çatdırıb.

İ.Vəlizadənin sözlərinə görə, hazırda Suriya müxtəlif donorların köməyi hesabına iqtisadi infrastrukturunu bərpa etməyə çalışır və burada təkcə beynəlxalq təsisatlar yox, eyni zamanda bir sıra ölkələr də yer alır:

“Bu ölkələrin arasından Suriya özünə etibarlı tərəfdaş seçir. Azərbaycan da bu səpkidə ən etibarlı tərəfdaşlardan biri kimi görünür. Çünki son illərin təcrübəsi göstərir ki, Azərbaycan hansısa layihələrdə iştirak edəndə həmin layihələri məntiqi yekuna çatdırır və müxtəlif ölkələr ondan öz bəhrəsini götürür. Bu təcrübəyə istinad edərək Suriya Azərbaycan-Türkiyə tandeminin müsbət tərəflərindən istifadə etməyə cəhd göstərir. Artıq Hələbdə və Hümsdə olan elektrik stansiyalarında Azərbaycanın qazından istifadə etməyə başlayırlar. Doğrudur, hələ ki bu, bizim üçün çox da böyük həcmdə qazın ı̇xracı demək deyil, il ərzində təxminən 1,2 milyard kubmetrdir. Ancaq bu rəqəm Suriya iqtisadiyyatı üçün böyük görünür”.

Müsahib hesab edir ki, burada ən önəmli məqamlardan biri sözügedən layihə hesabına Azərbaycanın qaz infrastrukturunun coğrafiyasının genişlənməsidir:

“Suriya artıq Cənub Qaz Dəhlizinə qoşulur. Çünki Azərbaycan qazı Suriyaya bu dəhliz vasitəsilə çatır və artıq Cənub Qaz Dəhlizində təkcə Avropa ölkələri, Türkiyə, Gürcüstan yox, həm də Suriya iştirak edir. Gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulan Yaxın Şərq ölkələrinin sayı arta da bilər. Belə ki, Azərbaycan qazından istifadə Livan və İordaniya kimi ölkələr üçün maraqlı ola bilər. Hazırda egionda bu cür konstruksiv proseslər baş verir və bu, Azərbaycanın regionda daha təsirli oyunçuya çevrilməsinə imkan yaradır”.

İ.Vəlizadə sonda onu vurğulayıb ki, Azərbaycan bu kimi layihələrlə heç kəsə öz mövqeyini diktə etmək niyyətində deyil, sadəcə uğurlu addımları ilə yeni münasibətlər sistemində özünün və digər ölkələrin nüfuzunu artırır:

“Region ölkələri artıq etibarlı tərəfdaşlarla iş qurmağa, öz mövqelərini qorumağa çalışırlar. Bu, müsbət haldır, çünki uzun illər müxtəlif xarici oyunçular hegemonluq etməyə, müxtəlif regionlarda öz diqtələrini yeritməyə çalışıblar. İndiki münasibətlərin praktikası isə artıq həmin dövrün geridə qaldığını göstərir”.

Seçilən
11
report.az

1Mənbələr