AZ

Bu, bir nəfərin işi deyil - Egeyi lərzəyə gətirənləri TANIYIN!

Hər sahədə belədir: ilk addımı necə atmaqdan çox şey asılıdır.
Yeni mövsümün birinci püşkü Azərbaycan klublarının eynini açmadı. O torbadan «Zirə»yə də, «Sabah»a da, «Araz-Naxsıvan»a da güclü rəqiblər çıxdı.
«Sabah» Avropa Liqası, «Zirə» Konfrans Liqası ilə ilkin mərhələdə vidalaşdı.
Hamı «Araz-Naxçıvan»ın da «Aris»ə yeniləcəyini gözləyərkən…
Sadəcə və sadəcə, inanılmaz! Avropada debüt edən «Araz» bütün Yunanıstanı qəmə boğdu, Azərbaycanı da sevincə.
Bu, tək bir nəfərin işi deyil, komanda əməyidir. Həm meydandakı futbolçu komandasının, həm meydanın kənarında əyləşmş məşqçi komandasının, həm də tribunada öz yerini tutmuş rəhbər komandanın. Bir yumruqtək birləşdilər, əziyyət çəkdilər, gücü bir yerə qoydular, ortalığa belə bir nəticə qoydular.
Büdcəsi özündən 10-15 dəfə artıq «Aris»ə qalib gəlmək «Araz-Naxçıvan»ın bir həqiqətini də üzə çıxartdı - əsas kəmiyyət deyil, keyfiyyətdir.
Burada iki əlin barmaqlarının sayından da az əməkdaş çalışır.
Amma əsas odur ki, burada Eldəniz Yusifov çalışır. 10 nəfərin işini tək görən, hamıyla yola gedən bilən, klubun hər işini ustalıqla aşıra, irəli apara bilən şəxsdir o. Çox böyük qatqısı var olduğu məhdud camiəyə. Təcrübəsi və bacarığı ilə ciddi işlər gördü bu yay. Təzəlikcə «Araz»a gələn legionerlər var ha, onların transferində zəhməti böyükdür.
Düzgün seleksiya uğurun minimum 50 faizidir. Zaur Axundov yenə ağıllı tərpəndi, Ceyhun Sultanovu «Araz»a gətirməklə quşu gözündən vurdu. Dörd illik aradan sonra klub təsərrüfatına dönən «Neftçi»nin sabiq idman direktorunun zərgər dəqiqliyi ilə seçdiyi futbolçular «Araz»ın gücünə güc qatdı, səviyyəsini qaldırdı.
Elmar Baxşıyev və köməkçiləri iki ay nə gecə bildi, nə gündüz - arıtək işlədilər. Düzgün yay proqrammı tərtib etdilər, hazırlığı səmərəli keçdilər, rəqibi yerli-yataqlı incələdilər. «Aris» İspaniyadan, Fransadan, oradan-buradan milyonlarla ödəniş edib yeni oyunçular aldı, «Araz» 300-500 min dollardan o yana keçmədi. Ancaq meydandakı oyun və mübarizə taktikaya söykənəndə, fərqli bir nəticə ilə qarşılaşdıq. Nədən? Baxşıyev «Araz»ı «Aris»lə onun öz dilində danışdırdı: bu, yunanlar üçün gözlənilməz oldu, bayıldılar. Ayılanda da artıq gec idi, iş-işdən keçmişdi.
Hər klubun Zaur Axundovu yoxdur. Kaş olaydı! Hərtərəfli gücdür. Dili var, dilçəyi də var. Çox can yandırır «Araz»a. Doğma eli, şəhərinin tək komandası üçün pulunu «uf» demədən xərcləyir. Hər regionun, hər rayonun, hər şəhərin bir Zaur Axundovu olsaydı, nə dərdimiz var idi ki..? Ölkənin futbol həyatı toy qazanı kimi qaynayardı.
ELXAN

Seçilən
34
sportinfo.az

1Mənbələr