AZ

Rusiyada döyüşə mütrüblər gedirlər...

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rüstəm Qaraxanlı yazır...

Böyük sovet rejissoru Eldar Ryazanovun 1982-ci ildə ekranlaşdırdığı "İki nəfər üçün vağzal" filminin antiqəhrəmanlarından biri, lovğa, dayaz təfəkkürlü və bu səbəbdən də ədəbsiz qatar bələdçisi "Andrey" obrazını canlandıran Nikita Mixalkov Azərbaycanı tənqid etmək qərarına gəlib. Gah özünü çar nəslinin davamçısı elan edən və bu səbəbdən də müasir Rusiya dövlətinə iddiasını ortaya qoyan, gah Stalin rejiminin repressiyalarını tənqid edən "Günəşdən usanmışlar" filmini çəkən, indi isə həmin Stalini bütləşdirən Putinin ən qatı dəstəkçilərindən birinə çevrilən Mixalkovun nədən Azərbaycanı hədəfə alması sirr deyil. Solovyov, Simonyan, Babayan kimi qərəz və təhdid ruporlarına, görünür, Rusiyanın özündə belə artıq inanan yoxdur. Odur ki, isterikaya bir qədər bədii-intellektual görkəm verməyə ehtiyac var, bunu isə belə çıxır ki, Kreml üçün hazırda Nikitadan yaxşı bacaran yoxdur.

Azərbaycan-Rusiya münasibətləri, böyük siyasət kimi anlayışlar Mixalkov kimi mütrüblərin girə biləcəyi kol deyil və elə bu səbəbdəndir ki, sovet kinosunun əyyaş, həyasız, fırıldaqçı və yalançı personajlarının mahir ifaçısı olan bu şəxsin "Besoqon TV" adlı media quruluşunda yayımlanan müəllif verilişində bizim ünvanımıza söylədiyi hədyanlar, gətirdiyi "arqument"lər əsassız və primitiv təsir bağışlayır. Solovyov və dəstəsi kimi, Mixalkovun da neoimperialist eqonun nümayişini, başqalarını aşağılamağı və alçaltmağı hədəfləyən monoloqlarına birtərəfli hərəkət olaraq baxırlar. Oturub ağzına və ağlına gələn yalan və iftiranı ekranlardan paylaşmağa nə var ki? Opponent yox, müxalif yox.

Mixalkovun bu verilişində dövlətimizin və xalqımızın ünvanına yağdırdığı qərəz və kin rus şovinizminin erməni siması olan Marqarita Simonyanın dediklərindən çox da ciddi fərqlənmir. Yeganə fərq odur ki, Nikita çəkdiyi filmlərdən birinə görə "Oskar" mükafatı alıb, Simonyan isə tarixi vətəni olan Ermənistanda belə bir dramlıq hörmət sahibi deyil. Yeri gəlmişkən, "Oskar"ı da elə-belə vermirlər, 1994-cü il, dünyaya açılan Rusiya, sovetlərin qalıqlarında bərqərar olan dövlətin demokratikləşməsi, Qərb biznesinin özünə böyük bazar əldə etməsi və Mixalkovun qırmızı imperiyanın ən qanlı illərindən bəhs edən filmi...

Rejissorun çıxışının ana xəttini Rusiyanın Azərbaycan və azərbaycanlılar üçün əhəmiyyətinin əlahiddə görüntüsünü yaratmaqla, bizimlə yuxarıdan-aşağı danışmağa çalışması təşkil edir. "Biz sizə təhsil vermişik", "biz sizə mədəniyyət gətirmişik" kimi. Guya ki, Rusiya gəlib bizim torpaqları işğal etməsəydi, biz nə təhsil ala biləcəkdik, nə də dövlət olacaqdıq. Biz türklər yüzlərlə dövlət qurmuşuq, əsrlərlə hökmranlıq edən imperiyaların övladlarıyıq və sənin kimi dövləti digərləri tərəfindən yaradılan, başqalarına ağız açıb "gəlin, bizi idarə edin" deyənlərdən deyilik, Nikituşka!

Mixalkov Azərbaycanda orta məktəbdə keçilən dərsliklərdən nümunə gətirərək tarix kitablarında ölkəmizin Rusiya tərəfindən ilhaq edilməsinin yazılmasından "dəhşətlə" bəhs edir və bunu bizim "qədirbilməzliyimiz" kimi təqdim edir. Başa düşmədik, Nikita, nə etməliyik, bizi işğal, təbii sərvətlərimizi talan etdiyinizi, İkinci Dünya müharibəsində Almaniyaya Azərbaycan nefti hesabına qalib gələ bildiyinizi uşaqlarımızdan gizlətməliyik? Müharibədən söz düşmüşkən, Mixalkov "inciyir" ki, biz "Böyük Vətən müharibəsi" deyil, İkinci Dünya müharibəsi deyirik. Yaxşı, bu müharibəyə "vətən" deməliyiksə, onda bizə "ali məktəblərimizdə oxudunuz" minnətini niyə qoyursunuz? Vətən hamı üçün vətən deyil?

Mixalkovun bu yanaşması onillərlə formalaşmış üstün xalq eqosunun bariz göstəricisidir, faşist, irqçi düşüncə tərzinin əyani təzahürüdür. Ukraynada "faşist bender"lərin ovuna çıxmış bir rejimin yetirməsi olan Mixalkov kimiləri yeni nəsil rus şovinizmi üçün canlı resursdur. Özü bizi tarix kitablarımızda yazılanlarla yeni nəsli "düşmən ruhunda" tərbiyə etməkdə günahlandırır, amma Xocalı soyqırımında əlləri qanımıza batmış hərbçilərinin törəmələrinə əyani vəsait olduğundan, güzgüyə baxıb adını özgəsinə qoymaqdan utanc hissi keçirmir.

Şəxsi mövzuya toxunmaq heç zaman ürəkaçan olmayıb, ancaq siyasəti şəxsiyyətlər həyata keçirdiyindən və Mixalkov da başını siyasət cəngəlliyinə soxduğundan onun özü barədə bir-iki faktın üzərinə gəlməyə ehtiyac var. Bu adam, necə ki ifa etdiyi rollarda mənasız, sürtük personajları canlandırıb, görünür, həyatı da qəhrəmanlarının dünyagörüşündən ciddi şəkildə fərqlənməyib. Qızı Nadejda Mixalkova 2011-17-ci illərdə gürcüəsilli rejissor Rezo Gigineişvilinin arvadı olub. Əgər Mixalkov hamıya ağıl öyrədən, təhsil və mədəniyyət gətirən bir xalqın özü hesab etdiyi kimi ziyalısıdırsa, qızının yuxarıdan-aşağı baxdıqları, ərazilərini işğal altında saxladıqları gürcü xalqının nümayəndəsi ilə ailə qurmasına altı il ərzində necə dözüb, tab gətirib? Rus mənəviyyatının aliliyindən bəhs edən Nikita Rezodan boşanıb xanım rok ifaçısı Diana Arbenina ilə qeyri-ənənəvi sevgili olan qızı Nadejdaya niyə bu mənəviyyat dərslərindən bir-iki mühazirə oxumur? Etikadan nə qədər kənar olsa da, elə Nikitanın özü haqqında da qeyri-ənənəvi söz-söhbətlər az gəzmir, bəlkə, bizə ağıl öyrətməkdənsə, bir özünün də mənəviyyatı ilə məşğul olaydı?

Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra maskası tamamilə yararsız hala düşən Rusiya, əgər "döyüş"ə Mixalkovu göndərirsə, bizdən idxal edilən meyvə-tərəvəzi nümayişkaranə traktor tırtıllarının altına salıb əzirsə, əlində sivil və savadlı mübarizə üçün başqa alət və resursu qalmayıb, deməli. Dildə illərlə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, arxada İrəvan və Xankəndidəki kuklalarına ürək-dirək, sülhməramlı kontingentinin gerçək missiyasını unudub, erməniəsilli rəssam Ayvazovskinin heykəlini yerli ermənilərə xoş getsin deyə bizim torpağımızda "ucaldıb" Bakıya subliminal mesaj verən Rusiyada, təəssüf ki, qatarın getdiyini anlaya, qəbul edə bilmirlər. Azərbaycan "İki nəfər üçün vağzal" deyil, Nikita, özünə başqa mövzu axtar!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
oxu.az

1Mənbələr