AZ

"Ukrayna dronları Rusiyanın hərbi və sənaye hədəflərini vurdu" - Ukrayna mətbuatı

"Neftayırma zavodlarında yanğınlar, hərbi obyektlərə zərbələr, dinc sakinlər arasında itkilər..."

Ukrayna ordusunun pilotsuz uçuş aparatları avqustun 2-nə keçən gecə Rusiyanın bir neçə bölgəsinə genişmiqyaslı hücum həyata keçirib. 

Moderator.az xəbər verir ki, bu barədə "liga.net" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, ilhaq edilən Krım,  Samara, Rusiyanın Mərkəzi və Cənub regionları - Ryazan, Voronej, Lipetsk, Penza və Rostov vilayətləri hədəfə alınıb. Zərbələr əsasən hərbi sənaye müəssisələrinə, neftayırma zavodlarına və strateji hava limanlarına yönəlib.

Neftayırma zavodlarında partlayışlar və yanğınlar

Ən güclü partlayış Samara vilayətinin Novokuybışevsk şəhərində baş verib. Buradakı neftayırma zavoduna zərbə endirildikdən sonra zavod ərazisində nəhəng alov sütunu müşahidə edilib. Sosial şəbəkələrdə yayılan videolarda "od göbələyi" formasında partlayış görüntüləri əks olunub.

Eyni zamanda Ryazanda yerləşən daha bir neftayırma zavoduna da hücum edilib - hadisə yerində yanğın qeydə alınıb, mobil internet müvəqqəti olaraq dayandırılıb. Samara vilayətinin qubernatoru Vyacheslav Fedorişev hücumları təsdiqləyərək bildirib ki, hazırda ərazidə fövqəladə xidmətlər işləyir. Ryazan vilayətinin rəhbəri Pavel Malkov isə dronun qalıqlarının sənaye müəssisəsinin ərazisinə düşdüyünü bildirib.

Penza və Rostovda hərbi zavodlar və hava limanları hədəfə alınıb

Penza şəhərində yerləşən və Rusiya müdafiə sənayesi üçün mühüm əhəmiyyət daşıyan "Elektropribor" müəssisəsi də zərbəyə məruz qalıb. Burada əlaqə sistemlərinin kriptoqorunması, aviasiya, zirehli texnika və kosmik aparatlara aid avadanlıqlar istehsal olunur. Hücum nəticəsində şəhər üzərində səkkiz partlayış eşidilib, bir qadın həyatını itirib. Penza hava limanı bir müddətlik fəaliyyətini məhdudlaşdırıb. Rostov vilayətində isə müəssisələrdən birinin binasında yanğın baş verib, obyektin mühafizəçisi ölüb.

Krım və Krasnodarda strateji obyektlər vurulub

Feodosiya yaxınlığında, işğal altındakı Krımda yerləşən hərbi ərazidə partlayışlar və yanğınlar qeydə alınıb. Hədəf Rusiya Hava Hücumundan Müdafiə qoşunlarının 66571 saylı hərbi hissəsinin yerləşdiyi ərazi olub. Bundan əlavə, Primorsko-Axtarsk şəhəri yaxınlığındakı hərbi hava limanı da dronların zərbəsinə tuş gəlib. Burada dislokasiya olunmuş 960-cı qvardiya hücumçu aviaalayı, Ukraynaya qarşı "Shahid" dronlarının buraxıldığı əsas bazalardan biri sayılır.

Ukraynanın strategiyası Rusiyanın hərbi-sənaye hədəfləridir

Ukrayna tərəfi bu cür hücumların məqsədini Moskvanın rəmzi hədəf olaraq deyil, Rusiya ordusunun döyüş qabiliyyətini təmin edən unikal müəssisələrin sıradan çıxarılması kimi təqdim edir. "Aydar" taborunun keçmiş komandiri Yevgeni Dikiy bildirib ki, əsas hədəflər Rusiyanın döyüş texnikası istehsal edən zavodlarıdır.

Bu hücumlar həm psixoloji təsir bağışlayır, həm də Rusiya üçün mühüm sənaye obyektlərinin fəaliyyətinə real zərər vurur. Müharibənin informasiya və texnologiya dövründə əsas cəbhə artıq yalnız səngərlər yox, sənaye müəssisələrinin damlarındadır.

Seçilən
20
moderator.az

1Mənbələr