AZ

İsti havada beynimiz normal işləmirmiş - Araşdırma

İqlim dəyişikliyi nəticəsində istilik dalğalarının artması təkcə fiziki sağlamlığa deyil, həm də beyin fəaliyyətinə ciddi təsir göstərir.

Milli.Az xəbər verir ki, alimlərin fikrincə ekstremal istilər nevroloji xəstəlikləri daha da kəskinləşdirir, psixi vəziyyətə və qərarvermə qabiliyyətinə təsir edir.

BBC-nin məlumatına görə epilepsiya xəstəsi 13 yaşlı Ceyk yüksək temperaturda dəfələrlə qıcolmalar keçirib. O, nadir rast gəlinən Drave sindromundan əziyyət çəkir və isti hava bu xəstəliyin tutmalarını tezləşdirir.

Həkim Sanjay Sisodiya deyir ki, belə halların artması təkcə təsadüf deyil:

"Beyin orqanizmdəki istilik balansını tənzimləyən əsas mərkəzlərdən biridir və onun normal fəaliyyəti temperaturdan asılıdır".

Tədqiqatlara görə, epilepsiya, insult, migren, skleroz, ensefalit və digər nevroloji xəstəliklər isti havada daha ağır keçir. Məsələn, 2003-cü il Avropa istiləri zamanı artan ölüm hallarının 7 faizi bilavasitə nevroloji problemlərlə əlaqəli olub.

İstilik təkcə xəstə insanlara deyil, sağlam insanlara da təsir edir. Alimlər qeyd edir ki, beyin temperaturu cəmi 1°C artdıqda belə, sinir hüceyrələrinin işində pozulmalar baş verir. Bu isə yaddaş, diqqət və əhval-ruhiyyəyə təsir edir, insanları daha əsəbi və riskli qərarlar qəbul edən hala gətirə bilər.

İstilik həm də yuxu rejimini pozur. Xüsusilə epilepsiyası olanlar üçün bu, əlavə risk yaradır. Demensiya xəstələri də istilik dalğalarında daha çox xəstəxanaya yerləşdirilir. Yaşlı və zəif təbəqələr istilik tənzimləməsində çətinlik çəkdiyi üçün daha yüksək risk altındadır.

Hamilə qadınlarda isə ekstremal istilər vaxtından əvvəl doğuş riskini artırır. Bu da uşaqlarda beyin inkişafı problemlərinə yol aça bilər.

İstilik həmçinin beynin qoruyucu baryerini zəiflədir, virus və toksinlərin beyin toxumasına keçmə ehtimalını artırır.

Alimlər xəbərdarlıq edirlər ki, bu təsirlər təkcə xəstələr üçün deyil, gələcəkdə sağlam insanları da əhatə edə bilər. Genetik meyllilik, dərman təsirləri və sosial bərabərsizlik istiliyə qarşı fərqli həssaslıq yaradır.

İsmayıl
Milli.Az

Seçilən
12
3
milli.az

10Mənbələr