AZ

"Azərbaycan qazından istifadə etməklə Suriya elektrik enerjisi təminatını iki dəfəyə yaxın yaxşılaşdıracaq"

"Ötən gündən başlayaraq Azərbaycan qazı Suriyaya nəql edilir. Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü ölkə olacaq. İndiyədək Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsilə nəql ediləcək. Bu, o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti 2 milyard kubmetrədək artacaq: "Azərbaycan qazı vasitəsilə Hələbdə elektrik enerjisi əldə ediləcək. Ümumiyyətlə, 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə Azərbaycan qazından istifadə etməklə Suriya daxili elektrik enerjisi təminatını 2 dəfəyə yaxın yaxşılaşdıra biləcək. Suriyanın enerji təhlükəsizliyinə töhfə Azərbaycanın da geosiyasi mövqeyini gücləndirəcək". 

Deputat vurğulayıb ki, Azərbaycanın yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin də enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. Regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhfə verən təşəbbüslərdən biri məhz "Cənub qaz dəhlizi"nin reallaşması oldu. Bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. "Cənub qaz dəhlizi"nin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən, Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq həmin layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr təbii qazın Türkiyəyə, Avropaya və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyi daha da gücləndi", - deyə iqtisadçı bildirib.

V.Bayramov qeyd edib ki, bütövlükdə Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsilə öz enerji təhlükəsizliyini gücləndirəcək.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
7
10
azerbaijan-news.az

10Mənbələr