BP şirkəti Azərbaycanda bərpaolunan enerji texnologiyaları sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsili layihəsinin uğurla başa çatdığını elan edib.
Bu layihə BP-nin və "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, LUKOİL, SGC, NİCO, MOL, İNPEX, "ExxonMobil", İTOCHU, "ONGC Videsh", "Eni", MVM və "TotalEnergies" şirkətlərinin ölkəmizdə təhsilə və dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir. Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədə ixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpaolunan enerji sektorunda fəal iştirakı üçün onları lazımi bilik və praktiki bacarıqlarla təmin etməkdir.
Layihə iki əsas komponentdən ibarətdir. Birinci komponent bərpaolunan enerji üzrə tədris emalatxanalarının yaradılmasını əhatə edir. Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, digəri isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə iki tam təchiz edilmiş müasir bərpaolunan enerji emalatxanası yaradılıb.
Bu innovativ emalatxanalar real bərpaolunan enerji ssenariləri əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchiz olunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlar əldə etməyə imkan verir.
İkinci komponent isə iqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun hazırlanması və onun peşə təhsili proqramına daxil edilməsidir. Modulda qlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin iqlim dəyişikliyinə təsiri, bərpaolunan enerji mənbələrinin bu təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı inkişaf kimi mövzular əhatə olunub.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihə barədə belə deyib: "Azərbaycanın peşə təhsili sistemi və bərpaolunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan çox məmnunuq. İnanırıq ki, bu layihə tələbələrə bərpaolunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verir".
Layihə "World Skills Azerbaijan" İctimai Birliyi tərəfindən həyata keçirilib. Keçən ilin may ayında başlanmış və 2025-ci ilin iyul ayında sona çatmış bu layihənin ümumi dəyəri 322 min manat təşkil edib.
Qeyd edək ki, BP şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Şirkət bu vaxtadək öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub.
BP ölkəmizdə eləcə də ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəltməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək verir. Həmin təşəbbüslər geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərlə insanlara əhəmiyyətli faydalar gətirib. Qısaca sosial layihələr adlandırdığımız sözügedən təşəbbüslər yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycandakı sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon dollardan çox vəsait xərcləyib.
Flora SADIQLI,
"Azərbaycan"