AZ

Biləsuvarda 2-ci "İti dəryaz" otbiçmə yarışı keçirilib

Biləsuvar rayonunda qeyri-maddi mədəni irsin qorunması və təbliği məqsədilə artıq ikinci dəfədir ki, "İti dəryaz" otbiçmə yarışı təşkil olunub. Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınmış "Zəfər parkı"nda keçirilən yarış təsərrüfatı ənənələrinin yaşadılması və ictimai dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Rayonun müxtəlif kəndlərini təmsil edən 20 komandanın iştirakı ilə keçirilən yarışda hər komandada 2 nəfər olmaqla ümumilikdə 40 nəfər iştirak edib. Yarışdan əvvəl çıxış edən RİH-in başçısı Faiq Qürbətov iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, dəryazla ot biçmək Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri sırasında yer alır və bu ənənə uzun əsrlər boyu formalaşaraq bu günədək gəlib çatıb. Bildirib ki, qədim zamanlar biçin mövsümündə keçirilən mərasimlər çərçivəsində dəryazçılar arasında yarışlar təşkil olunurdu və bu yarışlar vasitəsilə ən usta şəxslər seçilirdi. Bu gün də xalqımızın bu qədim ənənəsinə sadiq qalaraq, mövsüm ərzində dəryazla ot biçinlərini davam etdirdiyini deyən F.Qürbətov söyləyib ki, bu cür yarışların təşkili yalnız mədəni irsin qorunması deyil, eyni zamanda əmək bacarıqlarının nümayişi və insanlar arasında həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi önəm daşıyır.

Sonra dəyrazçıların biçin yarışı başlayıb. Yarışın nəticələrinə əsasən, birinci yeri  Çaylı, ikinci yeri Təzəkənd,  üçüncü yeri Dərvişli kəndlərinin komandaları qazanıblar. Həm onlar, həm də "Ən qocaman dəryazçı" - Aşağı Cürəli kənd sakini, 66 yaşlı Nəriman Məmmədov və "Ən gənc dəryazçı" - Səmədabad kənd sakini, 23 yaşlı Nahid Əhədli  mükafatlandırılıblar.

Seyran CAVADOV,

 "Azərbaycan"

Seçilən
5
5
azerbaijan-news.az

6Mənbələr