AZ

Şəhidlərimizin xatirəsini ehtiramla anan, qazilərimizə dəyər verən QURBAN QURBANOV

Cəmiyyətdə qəribə yanaşma yaranıb. Kimisə tərifləyəndə deyirlər ki, yarınırsan, yaltaqsan. Tənqid eləyəndə də ittiham edirlər ki, qərəzlisən, gözün götürmür. Elə ona görə də, ictimai adamların əksəriyyəti mövqe bildirməkdən çəkinir, neytral qalmağa çalışırlar. Amma mən yenə də deyim, qınayan qınasın, anlayan anlasın!

Ağdamlı tarixçi Zaur Əliyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu bu günə qədər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət etmədiyinə görə tənqid edib. 

Rəhmətlik Allahverdi Bağırov adını tariximizə böyük hərflərlə yazdırmış adamdır. Elə Xocalı hadisələrində xeyli sayda əsirin geri qaytarılmasındakı rolunu, sağ olduğu müddətdə ermənilərə qan uddurmasını vurğulamağımız kifayətdir.

Allahverdi Bağırov həm də bir vaxtlar futbol oynadığı və məşqçisi olduğu "Qarabağ"ın simvoludur. Bu gün "Qarabağ" futbol klubu deyəndə, adamın gözü önündə Allahverdi Bağırovun zabitəli siması canlanır. 

Düzü, Qurban Qurbanovun nə səbəbdən onun məzarını ziyarət etmədiyini bilmirəm. Ümumiyyətlə necə alınıb ki, bu günə qədər Ağdama səfərləri zamanı Qurban bəy ora getməyib, əfsanəvi komandiri anmayıb...

Amma Qurban Qurbanovu tanıyan biri kimi dəqiq bilirəm ki, o, vətənini sevən, şəhidlərimizin xatirəsini ehtiramla anan, qazilərimizə dəyər verən adamdır. 

II Qarabağ müharibəsi zamanı Qurban Qurbanov da, onun ən yaxın dostu Rəşad Sadıqov da hər mənada dəstək olublar ordumuza. Qurban Qurbanov Qarabağın adı uğrunda Avropanın futbol meydanlarında döyüşəndə, Rəşad Sadıqov 44 gün ərzində dəfələrlə cəbhə bölgəsinə səfərlər edib. 

Allahverdi Bağırov əfsanəvi komandirimiz, xalqımızın qeyrətli oğullarından biri olub və həmişə də ürəklərimizdə elə də qalacaq. Qurban Qurbanov da öz peşəsində ölkəmiz üçün misilsiz xidmətləri olan, vətənpərvər oğullarımızdan biridir. Hər ikisi dəyərdir. Biri qəlbimizdə yaşayır, o biri də bizimlə. Bizə düşən də dünyasını dəyişənə də, dünyasını yaşayana da layiqli qiymətini verməkdir. 

Emin Abbasov

saytlarin hazirlanmasi

Seçilən
17
1
sportal.az

2Mənbələr