"Xalq yazıçısı Elçin Əfəndiyev sabah dəfn olunacaq".
Bunu Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O qeyd edib ki, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq. "Rəsmi açıqlamanı edəcəyik, gözləyirik".
13:16
Yazıçı Elçin Əfəndiyev vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan "60-cılar" ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır.
Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunmuş, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun "Mahmud və Məryəm", "Ağ dəvə", "Baş", "Bayraqdarlar" kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında "Vətən" cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə "İstiqlal" ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.