AZ

İsti yay gecələrində keyfiyyətli yuxu üçün 5 məsləhət

Yay aylarında artan temperatur, tərləmə və bədənin qızması bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir edə bilər.


Pravda.az bildirir ki, tez-tez oyanmaq, yuxuya çətin getmək və ya səhərlər yorğun oyanmaq kimi hallar bu təsirin nəticəsi ola bilər.


Uzun müddət pozulan yuxu rejimi isə yaddaş zəifliyi, yüksək təzyiq və diabet kimi sağlamlıq problemlərinə yol aça bilər.


Ancaq bəzi sadə və təsirli üsullarla yayda daha rahat və keyfiyyətli yuxu almaq mümkündür.


Yuxu mühitini düzgün qurun


Rahat yataq və yastıq, təmiz yataq dəsti yuxuya keçidi asanlaşdırır. Otaq temperaturunun 22 dərəcə civarında saxlanması, lazım olduqda ventilyator və ya kondisionerdən istifadə edilməsi tövsiyə olunur. Həssas insanlar üçün qaranlıq pərdələr və yuxu maskası da faydalı ola bilər.


Kifayət qədər su için


Yayda artan tərləmə bədənin susuz qalmasına səbəb ola bilər. Bu isə gecə yuxusunun tez-tez bölünməsinə gətirib çıxarır. Gün ərzində orta hesabla 2–2.5 litr su içmək yuxu keyfiyyətini artırmağa kömək edir.


Yatmazdan əvvəl ekran istifadəsini azaldın


Telefon, planşet və televizorların yaydığı mavi işıq melatonin hormonunun istehsalını azaldır. Yatmazdan ən azı 1 saat əvvəl bu cihazlardan uzaq qalmaq daha rahat yuxu təmin edə bilər.


Gevşəmə hərəkətləri edin


Nəfəs məşqləri, meditasiya və yüngül yoqa hərəkətləri bədəni və zehni sakitləşdirərək yuxuya keçidi asanlaşdırır.


Sabit yuxu rejimi qurun


Hər gün eyni saatda yatıb oyanmaq bədənin bioloji saatını tənzimləyir. Günorta yuxularını 20–30 dəqiqə ilə məhdudlaşdırmaq gecə yuxusuna mane olmur.


Daha rahat yuxu və sağlam həyat üçün sadə vərdişləri gündəlik rutininizə əlavə etməyi unutmayın!


Əminə Bayramova 

Tarix: 4 Avqust 2025, 09:59   
Seçilən
23
1
pravda.az

2Mənbələr