Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi regionda hansı yeni güc balansını formalaşdıra bilər? Bu, Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu proses Cənubi Qafqazda güc balansının dəyişdiyini göstərən əlamətdar bir hadisə kimi dəyərləndirilə bilər:
"Bu addım İrəvanın son dövrlərdə artan şəkildə Qərbə yönəldiyini, xüsusilə də Rusiyaya olan ənənəvi asılılığını zəiflətmək istədiyini nümayiş etdirir. ABŞ-la keçirilən təlimlər sadəcə hərbi texniki əməkdaşlıq deyil, həm də siyasi mesaj xarakteri daşıyır və Ermənistanın təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq niyyətindən xəbər verir. Bu prosesin İrəvan-Moskva münasibətlərinə təsiri qaçılmazdır. Kreml Ermənistanın Qərblə hərbi yaxınlaşmasını öz nüfuz dairəsində strateji zəifləmə kimi qəbul edir. Rusiya üçün bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsindəki öhdəliklərinə sadiqliyini sual altına almağa əsas verir. Üstəlik, Rusiya Ukrayna müharibəsində ciddi resurs itkiləri fonunda öz müttəfiqlərinin Qərbə yönəlməsini zəiflik əlaməti kimi görür".
Züriyə Qarayeva
Politoloq qeyd edib ki, bu cür təlimlər Ermənistanın qonşularına, xüsusilə Azərbaycanvə İrana da müəyyən siqnallar göndərir:
"Vaşinqtonun regionda hərbi praqmatik maraqlarının güclənməsi, xüsusilə İranla sərhəddəki sabitlik baxımından da izlənilir. Beləliklə, ABŞ-Ermənistan təlimləri təkcə iki ölkənin münasibətlərini dərinləşdirmir, həm də Qafqazın geosiyasi səhnəsində yeni konfiqurasiyaların yaranmasına təkan verir".