AZ

Sürücülərin diqqətinə: “Waze” tətbiqinin səhvinə görə cərimələnə bilərsiniz

30 iyul 2025-ci ildən etibarən Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə qədər olan 50 kilometrlik hissəsində hərəkətin maksimal sürət həddi azaldılıb.

Operativ Media xəbər verir ki, yeni qaydalara əsasən, bu yolda əvvəlki 110 km/saat olan sürət həddi 90 km/saat-a endirilib. Bəzi hissələrdə isə hətta 70 km/saat sürət həddi tətbiq olunub. Dəyişikliklərlə bağlı dövlət qurumları öncədən sürücülərə xəbərdarlıq edib və yol nişanları da müvafiq olaraq yenilənib.

Lakin bu dəyişikliklər mobil naviqasiya tətbiqlərinə, xüsusilə də Azərbaycanda geniş istifadə olunan “Waze” platformasına hələ tam şəkildə inteqrasiya edilməyib. Belə ki, “Waze” hazırda bəzi hissələrdə sürət həddini köhnə göstəricilərlə – 110 və 90 km/saat olaraq əks etdirir. Bu da sürücülərin real yol nişanlarına əsaslanmadan tətbiqə güvənərək hərəkət etməsi nəticəsində radar və kameralar vasitəsilə cərimələnmə riskini, eləcə də qəza şəraitlərinin yaranması hallarını artırır.

Nəqliyyat ekspertləri sürücülərə səfər zamanı yalnız naviqasiya tətbiqlərinə deyil, eyni zamanda yol nişanlarına diqqət yetirməyi tövsiyə edirlər.

Qeyd edək ki, “Waze” sürücülərə gedişi planlama, real vaxtda yoldakı vəziyyəti izləməyə, radar məlumatlarını əldə etməyə, digər sürücülərə xəbərdarlıq etmək imkanı verən populyar mobil tətbiqdir.

Tətbiq sürücülərdə və yerli qurumlardan toplanan məlumatlar əsasında fəaliyyət göstərir. 

Seçilən
17
operativmedia.az

1Mənbələr