
Rusiyanın Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasına hücumundan sonra Ukrayna pilotsuz təyyarələri Rusiyanın Soçi şəhərindəki neft emalı zavodunu da vurub. Hücumdan sonra başlayan güclü yanğın səmanı qaraltdı və bölgədə bütün uçuşlar dayandırıldı. Həm Kiyev, həm də Moskva havada yüzə yaxın pilotsuz uçan aparatın məhv edildiyini və qarşıdurmaların gücləndiyini açıqlayıb.
Rusiyanın Soçi şəhərində hücuma məruz qalan neft emalı zavodunda yanğın baş verib. Rusiya hakimiyyəti kütləvi yanğının "Ukrayna pilotsuz təyyarələrinin hücumu" nəticəsində baş verdiyini və bölgədəki bütün uçuşların dayandırıldığını açıqlayıb.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, yanğına nəzarət etmək üçün 120-dən çox yanğınsöndürən işləyir və həftəsonu yenidən çoxsaylı pilotsuz təyyarə hücumları baş verib.
Rusiya 93 PUA-nı, Ukrayna 76 PUA və 7 raketi məhv edib
Rusiya Müdafiə Nazirliyi 93 Ukrayna PUA-nın vurulduğunu bildirib. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 76 PUA və 7 raketlə hücumlar təşkil etdiyini, onlardan 61-inin havada vurulduğunu bildirib.
Keçən həftə Kiyevə 300 pilotsuz uçan aparat və 8 raketdən istifadə edilən hücumdan sonra Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb, ABŞ prezidenti Donald Tramp isə Rusiya lideri Vladimir Putinə müharibəni dayandırması üçün 12 gün vaxt verib və bunu etməsə, ciddi sanksiyalar tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Zaporojye Atom Elektrik Stansiyası qəzaya uğrayıb
Ötən gün axşam saatlarında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasında köməkçi obyektlərdən birinin artilleriya atəşi və pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.