AZ

Ukrayna Türkiyə Prezidentinin səfərinə hazırlaşır

Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlaşır. Kiyevdə aparılacaq danışıqların əsas mövzusu iki ölkə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBC-Ukrayna”ya müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfərinin təşkili üçün fəal iş aparır. Prezident Volodimir Zelenski türkiyəli həmkarına şəxsi dəvətini çatdırıb və diplomatın qeyd etdiyi kimi, Türkiyə lideri ilə bu yaxınlarda keçirdiyi görüşdə bu dəvəti özü də təsdiqləyib.

“Bu səfər böyük səylər tələb edir, çünki onun həyata keçirilməsinə mane olan bir çox məsələlər var”, -deyə səfir bildirib.

Diplomat onu da qeyd edib ki, səfərin əsas mövzusu Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər. Bu sənəd həm strateji tərəfdaşlıq baxımından, həm də Ukrayna biznesinin əhəmiyyətli hissəsi üçün vacibdir.

N.Cəlal vurğulayıb: “Prezident Zelenskinin dəvəti çox sadədir: Türkiyə azad ticarət sazişi imzalamaqda maraqlıdır. Bu razılaşma biznesimizin böyük bir hissəsi üçün də vacibdir, baxmayaraq ki, bəziləri üçün rəqabətin artması səbəbindən gərginlik yarada bilər. Lakin bu, siyasi qərardır. Prezident Zelenski Ərdoğanın səfəri zamanı bu sazişi ratifikasiya etməyi təklif etdi. Sənədin ratifikasiyası əməkdaşlığa dair yaxşı və simvolik addım olardı”.

Seçilən
19
6
yeniazerbaycan.com

6Mənbələr