AZ

Xaricdə təhsillə bağlı xəbərdarlıq - Seçimlərdə diqqətli olun

Avqust ayı xaricdə təhsil almaq istəyən abituriyentlər üçün önəmli dövrdür. Bu tarixdə xaricdə təhsil üçün müraciət edənlərin sayı çox olur. Xaricdə təhsil almaq istəyənlər bu seçimdə diqqətli olmalı, səhvə yol verməməlidir. Təcrübə göstərir ki, bəzən səhv seçilən ali təhsil müəssisələri tələblərin və valideynlərin zəhmətinin hədər getməsinə səbəb olur. Çünki səhv seçim nəticəsində tələbələrin təhsil aldığı müəssisələrinin verdiyi diplom sonradan Azərbaycanda tanınmaya da bilər.


Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bu mərhələdə yol verilə biləcək səhvlərə qarşı tələbələri və valideynləri diqqətli olmağa çağırıb.


Ekspert bildirib ki, hazırda xaricdə təhsil almaq üçün kifayət qədər imkanlar mövcuddur. Ən etibarlı seçim isə dövlət proqramı çərçivəsində xaricdə təhsil almaqdır:


“Bu proqram həm bakalavr, həm magistr, həm də doktorantura səviyyəsində təhsil imkanlarını əhatə edir. Elm və Təhsil Nazirliyinin xaricdə təhsillə bağlı dövlət proqramının işçi qrupu tərəfindən universitetlər və ixtisaslar əvvəlcədən müəyyən edilir və proqramın rəsmi saytında yerləşdirilir. Bu universitetlər və ixtisaslar əsasən qabaqcıl ali təhsil müəssisələridir”.

 


E.Süleymanov həmçinin qeyd edib ki, akademik göstəriciləri yüksək olan və beynəlxalq olimpiada qalibi olan şagirdlərin dünyanın nüfuzlu universitetlərinə qəbul olmaq şansı daha yüksəkdir. Lakin bəzi gənclər Azərbaycanda ali təhsil almaq əvəzinə, qonşu ölkələrdə, xüsusilə də Türkiyədə təhsili üstün tuturlar.
Ekspert bu tələbələri iki qrupa ayırır:

 

"Birincisi, YÖS imtahanı ilə Türkiyənin nüfuzlu universitetlərinə qəbul olanlar. İkincisi, attestatla qəbul olan və göstəriciləri zəif olan tələbələr. 
Hazırda Türkiyədə 50 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların hamısının yüksək keyfiyyətli təhsil aldığını demək olmaz. Burada əsas problem təhsilin keyfiyyətidir. Bəzi hallarda tələbələr yalnız diplom əldə etmək üçün, lakin təhsilin keyfiyyəti zəif olan, hətta saxta universitetlərə üz tuturlar”. 


Mütəxəssis bildirib ki, tələbələrin seçdikləri universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmaması mühüm məsələdir. Bu barədə məlumat almaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəsmi saytına daxil olub, tanınmayan ali məktəblərin siyahısına baxmaq tövsiyə olunur.


Həmçinin onun sözlərinə görə, xaricdə qiyabi təhsil də Azərbaycanda tanınmır:

 

“Tələbə təhsil aldığı ölkədə fiziki olaraq yaşamırsa və distant təhsil alırsa, bu diplomlar ölkəmizdə etibarsız sayılır. Həmçinin, bəzi tələbələr sonradan başqa universitetə köçmək istəyirlər, lakin köçürmənin mümkün olub-olmadığını əvvəlcədən araşdırmaq lazımdır”.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
16
1
sfera.az

2Mənbələr