ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsanlıq illərlə kosmosdan siqnal gözləmişdi – həssas teleskoplardan tutmuş, planetlərarası missiyalara və Yer üzündəki radiomüşahidə stansiyalarına qədər. Və birdən-birə mümkünsüz baş verdi: dünyanın ən müasir radioteleskoplarından biri son dərəcə qısa, lakin inanılmaz dərəcədə güclü radiosiqnal qeydə aldı.
Qaynarinfo ”Ecoticias”a istinadla xəbər verir ki, mənbə 1964-cü ildə NASA tərəfindən buraxılmış peyk idi. Amma bir incəlik var – o, artıq yarım əsrdən çoxdur ki, "ölü” sayılırdı.
1964-cü ilin "o dünyadan qayıdan” peyki
Bu "ruh peyk” "Relay 2” idi. O, NASA-nın eksperimental rabitə proqramı çərçivəsində 1964-cü ilin yanvarında buraxılmışdı. Lakin onun xidməti qısa sürdü: artıq 1965-ci ildə fəaliyyətini dayandırdı, 1967-ci ildə isə rəsmi olaraq qeyri-aktiv elan edildi. O vaxtdan bəri onu adi kosmik tullantı hesab edirdilər – indiyədək...
Demək olar ki, 60 ildən sonra o, yenidən başlıqlara çıxdı. Avstraliyanın ASKAP radioteleskopu o qədər güclü radiosiqnal partlayışı qeydə aldı ki, intensivliyinə görə göydəki bütün digər siqnalları minlərlə dəfə üstələdi. Lakin siqnalın davametmə müddəti cəmi 30 nanosaniyə idi – saniyənin milyardda biri.
Bu, klassik sürətli radiosiqnallar (FRB) üçün çox qısa olsa da, ən təcrübəli astronomları belə çaşdırmaq üçün kifayət qədər güclü idi.
"Biz həyəcanlandıq, elə bildik ki, Yerə yaxın naməlum obyekt kəşf etmişik. Bunlar inanılmaz dərəcədə güclü radiodalğa partlayışlarıdır, təxminən millisaniyə davam edir. Onların səbəbini bilmirik və öyrənməyə çalışırıq, çünki bunlar məlum fizikanı çətin vəziyyətə salır”, – deyə Körtin Universitetinin Radioastronomiya İnstitutunun professoru Klensi Ceyms bildirib.
Siqnalın istiqaməti və yayılması detallı analiz ediləndən sonra məlum olub ki, o, uzaq qalaktikadan yox, Yer orbitindən, təxminən 4500 km hündürlükdən gəlib. Günahkar isə "zombi peyk”dir.
Siqnalın səbəbi ilə bağlı iki fərziyyə
Təbii ki, alimlərin ilk reaksiyası məyusluq idi. Amma bu tezliklə elmi maraqla əvəz olundu. Axı enerji mənbəyi və işlək sistemləri olmayan "ölü” peyk necə oldu ki, 57 il sonra belə güclü və dəqiq siqnal ötürdü?
İki versiya irəli sürülür. Birinci – elektrostatik boşalma. Peyk illər ərzində Yer orbitindəki plazmadan enerji toplayıb. Kritik həddə çatdıqda qığılcım yaranıb və nəticədə radiodalğa partlayışı baş verib.
İkinci versiya – mikrometeoridin zərbəsi. Saniyədə 70 000 km-dən çox sürətlə hərəkət edən, kütləsi mikroqramlarla ölçülən hissəcik peyklə toqquşaraq plazma buludu yaradıb və bu da radiosiqnal buraxıb.
Elmi sensasiyadan əlavə, bu hekayə böyüyən bir problemi də xatırladır: köhnə peyklərdən və kosmik tullantılardan gələn radiosəs astronomik müşahidələrə mane ola bilər. Xüsusilə Starlink tipli mega-konstellasiyalarla buraxılışların artması bu riski əhəmiyyətli dərəcədə yüksəldir.
Bildirilir ki, kosmik eradan bəri 20 000-dən çox peyk orbitə çıxarılıb. Onların yarısı artıq işlək deyil və səssizcə planetin ətrafında sürüşür.
Alpər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.