AZ

Qəbələ şəhər stadionunun təmiri üçün müəmmalı milyonluq tender

Qəbələ şəhər stadionunda cari təmir işləri aparılacaq. 

Fanat.Az xəbər verir ki, “Azəridmanservis” MMC bununla bağlı keçirdiyi tenderə yekun vurub. 

Tenderin qalibi “Amal Group” MMC seçilib. Cari təmir işləri 1 149 947, 67 (1 milyon 149 min 947 manat 67 qəpik) manata başa gələcək. 


“Amal Group” MMC Azərbaycanın ən iri inşaat şirkətlərindən biridir. Şirkət satınalma müsabiqələrində fəal iştirak edir və adətən iri məbləğli tenderlərin qalibi seçilib. Media bunu “Amal Group” MMC-nin yüksək vəzifəli məmurlar tərəfindən himayə olunması ilə izah edir. 

“Amal Group” MMC 2018-ci ildə təsis edilib. Daha doğrusu, 2018-ci ildə şirkət “Caspian Construction Company” MMC kimi yaradılıb. 2019-cu ildə rebrendinq edib və “Amal Group” MMC-yə çevrilib. Şirkətin nizamnamə kapitalı 100 manatdır. “Amal Group” MMC-nin qanuni təmsilçisi isə İbrahimli Orxan Asif oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

“Amal Group” MMC haqqında mediada dərc edilən materiallarda şirkətin Teymur adlı şəxsə məxsus olduğu iddia edilir. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqovun adıçəkilən şəxsin qayınatası, iqtisadiyyat nazirinin müavini Anar Axundovun isə onun bacısının həyat yoldaşı olduğu bildirilir. 
 
“Azəridmanservis” MMC 2009-cu ildə qeydiyyata alınıb. MMC-nin rəhbəri Həsən Hüseynovdur. MMC Gənclər də İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir. MMC-nin stadion təmiri ilə bağlı satınalma prosedurunu birmənbə metodu ilə həyata keçirməsi tenderin şəffaflığını şübhə altına alır. Məsələ burasındadır ki, Azərbaycanda təmir-tikinti sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət var.
 
“Dövlət satınalmaları haqqında” Qanuna görə Birmənbə metodu satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda keçərlidir.

Əli Sahib

Seçilən
5
1
fanat.az

2Mənbələr