Son illərdə Bakıda aparılan yaşıllaşdırma işləri, abadlaşdırılan məhəllələr, yaradılan yeni parklar şəhər sakinlərinin gündəlik həyatına bir rahatlıq gətirib. Artıq insanlar “harada gəzintiyə çıxım?” sualını vermirlər. Çünki, demək olar ki, yaşadıqları hər məhəllədə park var.
Paytaxtın bir sıra ərazilərində salınan yeni və təmir olunan köhnə parklar, eləcə də istirahət zonaları həm müasir dizaynı, həm də geniş yaşıllıq sahələri ilə diqqət çəkir. Uşaqlar üçün oyun meydançaları, gənclər üçün idman zonaları, yaşlılar üçün istirahət guşələri – bir sözlə, bütün nəsilləri bir araya gətirən bu parklar şəhərin sosial həyatını gözlə görünə biləcək dərəcədə canlandırır. Yürüş yolları, oturacaq yerləri də insanların həm aktiv istirahət etməsi, həm də sosial ünsiyyət imkanlarının artması baxımından olduqca faydalıdır.
"Report"un paytaxt sakinləri arasında keçirdiyi sorğu göstərir ki, şəhərin abad parkları stressdən uzaqlaşmaq, təbiətə yaxınlaşmaq və günün yorğunluğunu atmaq üçün ideal məkanlardır. Eyni zamanda, bu parklar şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasına da töhfə verir.
Şəhər sakini Əsgər İsmayılov Bakını hətta Avropaya bənzədib: "Biz, demək olar ki, hər gün ailəvi olaraq parklara üz tuturuq. Özümüz piknik edirik, uşaqlar isə oynayırlar. Yaşıllıqlara baxanda elə bilirik Avropadayıq".
Digər bir şəhər sakini Nüşabə Atayeva da hər gün işdən çıxanda rəfiqəsi ilə birgə parka gəlib günün yorğunluğunu üzərindən atdığını deyib: "Parkın həm havası, həm də gözəlliyi insana rahatlıq verir. Təbiətin qoynunda olmaq mənəvi qidadır. Belə park və yaşıllıqların sayı nə qədər çox olsa, vətəndaşlar da asudə vaxtlarını o qədər yaxşı keçirərlər".
Memarlıq üzrə elmlər doktoru professor Elçin Əliyev "Report"a açıqlamasında şəhərin daim inkişaf etdiyini və bu zaman köhnə binaların yerində yenilərinin tikilməsinin zəruri olduğunu deyib: "XXI əsrin şəhərini - müasir Bakını parksız təsəvvür etmək mümkün deyil. Bəzən deyirlər ki, parklar memarlıq abidələrinin yerində salınır və bu, doğru deyil. Dövlət qurumları, Mədəniyyət Nazirliyi və onun memarlıq abidələrinin qorunması ilə məşğul olan qurumları dəfələrlə bildiriblər ki, heç bir memarlıq abidəsi sökülmür və sökülməyəcək".
Memar əlavə edib ki, şəhər canlı bir orqanizmdir və inkişaf etməlidir.
"Mən bir Bakı sakini kimi bu parkların salınmasını dəstəkləyirəm, təbii ki, memarlıq abidələri qorunmaq şərtilə. Tarixi binalar, abidələr sökülməyəcəksə, parkların salınmasını yalnız alqışlaya bilərik", - o vurğulayıb.
Landşaft memarı Bəhruz Hacıyev isə parklarda yaşıllıqların salınmasının vacibliyinə diqqət çəkib: "Parklarda bitkilər birillik və çoxillik olaraq fərqləndirilir. Birillik bitkilər hər il dəyişilir. Bu da parklara yeni canlılıq, təravət gətirir. Ümumiyyətlə, son illərdə parklar istirahət üçün ideal vəziyyətə gətirilib. Amma onu da nəzərə almaq lazımdır ki, abadlıq işləri plana uyğun aparılmalıdır. Köhnə yaşayış yerləri, su və elektrik xətləri layihəyə uyğunlaşdırılmalıdır".
Onu da qeyd edək ki, son beş ildə Bakı və onun ətraf qəsəbələrində 65 yeni mədəniyyət və istirahət parkı salınıb. Bununla yanaşı, ötən dövr ərzində 100-dən çox park əsaslı təmir olunub. Ən çox Yasamal, Binəqədi və Xətai rayonlarında istirahət parkları salınıb. Bu günə qədər isə paytaxtda təxminən 500-ə yaxın park salınıb.