Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı işlər davam edir. Nikol Paşinyan hökuməti qapalı şəraitdə Konstitusiya dəyişikliyi layihəsinin hazırlanması ilə məşğul olan qrup yaradıb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri yazıb ki, qrup tanınmış hüquqşünaslar və siyasi-ictimai xadimlərin daxil olduğu Konstitusiya İslahatları Komissiyasına əlavə olaraq formalaşdırılıb:
“Bir neçə həftə əvvəl ədliyyə naziri Srbuhi Qalyan bəyan etmişdi ki, Ermənistanda Konstitusiya dəyişiklikləri üzərində iş 2018-ci ildən dərhal sonra başlayıb və bu prosesi hər hansı xarici amillə (Azərbaycanla) əlaqələndirmək düzgün deyil, bu, Ermənistanın daxili məsələsidir.
Xatırladaq ki, Azərbaycan uzun müddətdir Ermənistandan Konstitusiyaya düzəlişlər tələb edir, Konstitusiyanın preambulasında Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müddəaların (ərazi iddialarının) olduğunu qeyd edir. Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsi vasitəsilə bir qərar çıxarsa da, Azərbaycan Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanmasının gələcəkdə problemlər yarada biləcəyini bəyan edərək, İrəvanın mövqeyi ilə qətiyyən razılaşmır.
Konstitusiya Məhkəməsindəki mənbələrimizin verdiyi məlumata görə, Paşinyan vəkillərinə yeni layihədən Müstəqillik Bəyannaməsini tamamilə çıxarmaq, eləcə də sülh sazişinin imzalanmasına xələl gətirməyəcək bir ifadənin daxil edilməsi barədə göstəriş verib. Hakimiyyət nə qədər inandırmağa çalışsa da ki, düzəlişlərin bununla heç bir əlaqəsi yoxdur, fakt budur ki, Ermənistanda Konstitusiya məhz Azərbaycanın tələbi ilə dəyişdirilir”.
“Past”ın iddiasına görə, Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum 2026-cı ilin iyununda parlament seçkiləri ilə eyni gündə keçiriləcək: “Rəsmilər yeni Konstitusiyanın həmin vaxta qədər hazır olacağını istisna etmirlər”.