AZ

Sirkə ilə arıqlamaq həyat üçün təhlükə yarada bilər -Mütəxəsisdən AÇIQLAMA

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb.

Bəs sirkənin arıqlamaq məqsədilə istifadəsi nə dərəcədə təhlükəlidir və bu zaman nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirdi ki, həkimlər dəfələrlə həkim nəzarəti olmadan arıqlamaq üsullarından istifadə edən insanların üzləşdiyi çətinliklərdən, bu prosesin sağlamlıqlarına baha başa gəlməsindən danışırlar:

"O ki qaldı sirkəyə, mən bir daha fikrimdə qalıram ki, sirkə müəyyən hallarda arıqlama prosesində köməkçi vasitə ola bilər. Amma uzunmüddətli və həkim nəzarəti olmadan istifadəsi insan sağlamlığı üçün ciddi risk yarada bilər".

Mütəxəssisin sözlərinə görə, sirkə qida borusunda və mədədə fəsadlara səbəb ola, diş minasını zədələyə bilər:

"Həmçinin mütəmadi istifadəsi insan həyatı üçün birbaşa təhlükə yarada bilər. Bu baxımdan, biz dəfələrlə qeyd etmişik ki, həkim nəzarəti olmadan müxtəlif arıqlama metodlarını tətbiq edənlər öz həyatlarını təhlükəyə atırlar. “Dietoloq” adı altında fəaliyyət göstərən və müxtəlif dərman preparatları ilə arıqlama təklif edən şəxslərə üz tutan insanlar da sağlamlıqlarını riskə atırlar. Bu baxımdan, sirkə də daxil olmaqla, arıqlamaq məqsədilə istifadə olunan vasitələr sağlamlıq üçün fəsadlar törədə bilər.

Bir daha qeyd edirəm ki, hər bir insan arıqlamaq üsulu seçərkən, enerji itirmək, sağlamlıq balansını qorumaq, şəkər və təzyiqi tənzimləmək üçün istifadə edəcəyi vasitələr barədə həkimlə məsləhətləşməlidir. Müxtəlif insanlar fərqli dietoloqlara müraciət edə bilər, söhbət məhz peşəkar həkim-dietoloqlardan gedir. Onların göstərişləri və tövsiyələri olmadan hər hansı dərman preparatı və ya sirkə kimi vasitələrin qəbulu həyat üçün ciddi təhlükə yarada bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr