AZ

35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“İran Ermənistanın təqdim etdiyi “Sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyir və onun həyata keçirilməsinin bütün regiona fayda verəcəyinə inanır. Tehran əmindir ki, əlaqə iqtisadi inkişafın və rifahın əsas tərkib hissəsidir”. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Armenpress”-ə müsahibəsində Cənubi Qafqazda iqtisadi və nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı müzakirələrə, bu kontekstdə Ermənistanın təqdim etdiyi təkliflərə və Azərbaycanın dəhlizlə bağlı davam edən bəyanatlarına münasibət bildirirkən belə deyib. 

Bəqayi açıqlamasında İranı Azərbaycana dost ölkə kimi təqdim etməyə, bitərəf mövqe tutduğunu göstərməyə çalışsa da, ermənipərəst mövqeyini gizlədə bilməyib: 

“Birincisi, biz həm Azərbaycan, həm də Ermənistan Respublikası ilə ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk. Onlar bizim qonşularımızdır və biz hər iki dövlətlə mehriban qonşuluq siyasətimizi davam etdirməkdə qərarlıyıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla möhkəm dostluq əlaqələrimiz var. Ermənistana gəlincə, İranda bizim fəxr etdiyimiz çox fəal və nüfuzlu erməni icması var. 

Eyni zamanda, biz açıq şəkildə bildirdik ki, istənilən nəqliyyat marşrutu beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğun həyata keçirilməli, heç bir dövlətin suverenliyini və ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də biz Cənubi Qafqaz ölkələri ilə İran arasında nəqliyyat marşrutlarının və əlaqələrin genişləndirilməsinin tərəfdarı olmaqla yanaşı, son dərəcə ehtiyatlı davranmalıyıq. 

Birincisi, beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirməmək, heç bir dövlətin milli suverenliyini və ya ərazi bütövlüyünü heç bir şəkildə pozmamaq. Bizim həmişə qeyd etdiyimiz və hesab etdiyimiz mühüm bir məqam isə budur ki, regiondan kənar üçüncü tərəflərin Cənubi Qafqazın işlərinə qarışmasına imkan verilməməli olduğunu bölgənin bütün dövlətləri anlamalıdır. Bu cür müdaxilə vəziyyəti daha da çətinləşdirəcək və region dövlətlərinin maraqlarına xidmət etməyəcək”,-deyə Bəqayi əlavə edib. 

İran XİN-nin rəsmisinin müsahibəsinə diqqət yetirdikdə, Bəqayinin fikirlərinin kifayət qədər anti-Azərbaycan xarakterli mesajlarla zəngin olduğu görünür. Yəni İsmayıl Bəqayi Ermənistanın “Sülh təşəbbüsü” layihəsini dəstəklədiyini bəyan etməklə İranın Zəngəzur dəhlizinə qarşı mövqeyini növbəti dəfə nümayiş etdirib. 

Halbuki, Ermənistan hakimiyyəti indiyə qədər “Sülh kəsişməsi” ideyasını bütün ikitərəfli və çoxtərəfli formatda aparılan müzakirələrin gündəliyinə çıxartsa da, onun səmərəliliyini sübut edə bilməyib. Bu layihə Nikol Paşinyan hökuməti tərəfindən sadəcə olaraq Zəngəzur dəhlizinə alternativ kimi irəli sürülüb. Məqsəd Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz nəqliyyat-kommuniksiya əlaqələrinin bərpasına maneə yaratmaq olub. 

ABŞ-nin təklifi ilə Zəngəzur dəhlizinin açılmasına dair Azərbaycan və Ermənistan arasında danışıqların yenidən start götürdüyü bir məqamda İran diplomatının “Sülh kəsişməsi” təşəbbüsünü yenidən qaldırması regionda nəqliyyat əlaqələrin blokdan açılmasını pozmağa yönəlik siyasi avantüradır. Bəqayi ad çəkməsə də, Zəngəzur dəhlizinin guya Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə və suverenliyinə zidd olduğuna eyham vurur. 

Halbuki, rəsmi Bakı qarşılıqlı müqavilə əsasında dinc qaydada Azərbaycandan-Azərbaycana keçidin təhlükəsiz təmin olunmasını, kommunikasiyaların açılmasını təklif edir. 2020-ci il 10 noyabr Bəyanatında Ermənistanın Baş naziri bu barədə öhdəlik imzalayıb. İran tərəfi “beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması” adı altında Ermənistanın cənubundan Azərbaycanla Türkiyə arasında birbaşa avtomobil və dəmir yolları əlaqəsinin yaranmasına qarşı çıxır. Bəqayi bölgə dövlətlərinə regiondankənar üçüncü tərəflərin Cənubi Qafqazın işlərinə qarışmamalı olduğuna dair xəbər darlıq edir. 

Bu açıqlamada ilk mesaj Azərbaycana və Türkiyəyə ünvanlanıb. İran Zəngəzur dəhlizi vasitəsilə Türkiyənin Cənubi Qafqazda geosiyasi təsirinin arta biləcəyindən narahatlığını ifadə edir. Digər tərəfdən, Bəqayi Ermənistan hakimiyyətinə ABŞ-nin Zəngəzur dəhlizinin açılması istiqamətində təklifinin İranın maraqlarına zidd olduğunu xatırladır. Lakin bu, ilk növbədə, Ermənistanın və Azərbnaycanın daxili işlərinə müdaxilədir. 

İkincisi, İran Cənubi Qafqaz dövləti olmadığından digər ölkələri “üçüncü tərəf” adlandıra bilməz. Türkiyə kimi İran özü Cənubi Qafqaza qonşu ölkədir, yəni üçüncü tərəfdir. Rəsmi Tehranın nəqliyyat-kommunikasiya vasitələrinin açılmasına mane olmaq üçün regionda vəziyyəti gərginləşdirmək səyləri İran rejiminə qarşı Qərbin siyasi təzyiqlərini artıra bilər. 

İsmayıl Bəqayinin müsahibəsində diqqəti çəkən digər bir məqam isə onun İrandakı erməni icması ilə fəxr etməsi ilə bağlıdır. Halbuki, İranda ən böyük toplum Güney Azərbaycan türkləridir. Bəqayinin açıqlaması onun 35 milyon Güney azərbaycanlıya nifrət və düşmənçilik münasibətindən xəbər verir. Yəni XİN-nin sözçüsü sözdə Azərbaycan dövləti ilə dostluqdan və mehriban qonşuluqdan danışsa da, ermənilərə xüsusi rəğbətini gizlətmir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

 

Açar sözlər:

İsmayıl Bəqayi "sülh kəsişməsi" Zəngəzur dəhlizi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr