“Tesla” qurucu və baş direktor İlon Maska dəyəri 29 milyard dollardan çox olan 96 milyon səhmi mükafat qismində ödəyəcək. Şirkət səhmdarlara göndərdiyi məktubda İlonun “enerjisinin Teslaya yönəldilməsini” təmin etmək istədiyini və cənab Maskın “son səkkiz ildə heç bir əhəmiyyətli təzminat almadığını” bildirib.
İlon Mask 13% payla “Tesla”nın ən böyük fərdi səhmdarıdır. 2018-ci ildə “Tesla” onunla müqavilə bağlayıb ki, şirkətin dəyəri 100 milyard dollara çatdıqdan sonra, o, hər 50 milyard dollara görə şirkətin səhmlərinin 1%-ni alacaq.
“Tesla”nın səhmləri ilin əvvəlindən bəri 25% ucuzlaşıb. Bu, həm İlon Maskın bir çox alıcılar və investorlar arasında narazılığa səbəb olan siyasi fəaliyyəti və bəyanatları, həm də şirkətin köhnə model avtomobilləri, eləcə də Çin istehsalçıları ilə rəqabətin artması ilə bağlıdır. Şirkətin mənfəəti 2024-cü ilin üçüncü rübündən bəri artmayıb. Bu ilin ikinci rübündə onun gəliri 12%, xalis mənfəəti isə 16% azalıb.