ain.az, News24 saytına istinadən bildirir.
Son illər texnologiyanın sürətli inkişafı təhsilin bütün pillələrinə təsir göstərməkdədir.
Artıq məktəbəqədər və ibtidai təhsil dövründə olan uşaqlar ənənəvi üsullarla deyil, daha çox telefon, planşet və kompüterlər vasitəsilə əlifba və digər ilkin bilikləri öyrənirlər. Valideynlər və müəllimlər bu prosesi müasirliyin və rahatlığın bir göstəricisi kimi qəbul etsələr də, mütəxəssislər bunun uşaq psixologiyası və nitq inkişafına təsirləri barədə ciddi narahatlıqlar səsləndirirlər.
Əsas problem ondan ibarətdir ki, texnologiya ilə öyrənmə zamanı uşaqlar daha çox vizual və eşitmə vasitələri ilə informasiya qəbul edir, lakin düşünmə, izah etmə və ifadəetmə kimi funksiyalar arxa planda qalır. Bu isə onların danışıq qabiliyyətinə və ümumi psixoloji inkişafına birbaşa təsir göstərə bilər.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən psixoloq Günay Hüseynova bildirib ki, texnologiyanın düzgün və balanslı istifadəsi vacibdir. Lakin bəzi risklər də nəzərə alınmalıdır:
“Əgər uşağın intellektual inkişafında hər hansı bir problem yoxdursa, əlifbanı texnologiya üzərindən öyrənmək mümkündür. Ancaq bütün uşaqlar eyni səviyyədə öyrənmə bacarığına malik deyil. Elektron cihazlarla öyrənildikdə uşaqda əsasən alıcı tərəf – yəni qəbuletmə funksiyası aktiv olur, amma ifadəetmə (verici) funksiyası zəif qalır. Bu isə nitq inkişafını mənfi təsirləyə bilər".
Psixoloqun sözlərinə görə, texnologiya vasitəsilə öyrənmə zamanı qələm tutmaq və yazmaq kimi kiçik "motor bacarıqlar"ı inkişaf etmir. Halbuki bu bacarıqlar da nitqin formalaşmasında mühüm rol oynayır.
"Elektron öyrənmə daha çox əzbərləməyə əsaslanır. Uşaq səsləri və ya sözləri təkrar edir, lakin bu prosesi anlayaraq və şüurlu şəkildə yerinə yetirmir. Bu da musiqinin bəzi hissələrini zümzümə edən, amma mənasını dərk etməyən uşaqlara bənzəyir", - deyə o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.