AZ

Naxçıvan Ali Məclisinə 264 min manata 3 avtomobil almaq israfçılıq deyil?..


Xalid Kərimli: "Dövlət məmurlarının və deputatların bahalı avtomobillər minməsinə gəldikdə, bunu yalnız Naxçıvan kontekstində deyil, bütün ölkə..."

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən sərnişin nəqliyyat vasitələrinin alınması məqsədilə açıq müsabiqə elan olunub.

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yer alan müsabiqənin predmetinə 3 ədəd yeni, müasir texniki göstəricilərə malik minik avtomobilinin satın alınması daxildir.

Müsabiqənin ümumi dəyəri 264 min manat təşkil edir.

Göründüyü kimi, Naxçıvan parlamentinin almaq istədiyi avtomobilin hər birinin təxminən 88 min manata başa gəlməsi nəzərdətutulur. Müsabiqə belə bir prosesdir ki, nəzərdə tutulan məbləğ artırıla da bilər. Üstəgəl, müsabiqə şərtlərində alınacaq avtomobillərin parametrlərindən görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin almaq istədiyi avtomobillərin dəyəri 100 min manatdan az olmayacaq. Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilən məlumatlarda alınacaq avtomobilin bütün parametrləri (yanacaq çəninin ölçulərinə, istilik və tormoz sisteminə, yanacaq sərfiyyatına qədər) hərtərəfli əks olunub. Həmin məlumatları oxuyanda anlaşılır ki, bu qiymətə həmin parametrlərlə 264 min manata 3 avtomobil almaq mümkün deyil.

Ölkənin əsas hissəsi ilə əlaqəsi olmayan, əhalisi ehtiyac içində yaşayan bir bölgədə parlament üçün 3 avtomobilə 264 min manat, yəni hər birinə 88 manat pul xərcləmək nə qədər doğrudur? Naxçıvan blokadada, əhali işsiz, ehtiyac içində yaşayır, belə bir məmləkətdə məmurların 90-100 minlik avtomobildə gəzməsi nə qədər doğrudur? 30, 40, 60 minlik avtomobillərdən istifadə daha real olmazmı? Həm də bu 100 minlik avtomobillər 3-5 il sonra köhnəlmə səbəbi ilə hərracda satılır. Bunlar israfçılıq deyilmi?

İqtisadçi-ekspert Xalid Kərimli baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında bildirdi ki, bu avtomobilləri Naxçıvan parlamenti alır, hər şey şəffafdır və biz də bunu görüb müzakirə edirik: "Amma Milli Məclis belə alışlara gedəndə biz onu görə bilmirik. Həm də Milli Məclusin üzvlərinin mindiyi avtomobillər daha baha və daha lüks markalardır.

Naxçıvanın çətin vəziyyətdə olmasına gəldikdə, dövlət büdcəsindən Muxtar Respublikaya dotasiya verilir, Azərbaycanda "Bakı yaxşı, Naxçıvan pis yaşamalıdır" anlayışı yoxdur, Naxçıvanda deputat və ya məktəb müəllimi olsan da, ölkədə eyni kateqoriyalı insanlara münasibət eyni olmalıdır. Ölkənin Milli Məclisinin üzvlərininin avtomobili hansı səviyyədədirsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvlərinin mindiyi maşın da ona uyğun olmalıdır, ondan aşaği səviyyəli ola bilməz. Neft xalqın, o cümlədən də naxçıvanlıların sərvətidir. Ona görə də "Naxçıvan çətin vəziyyətdədir", "blokadadadır" kimi arqumentlər buna təsir edən məsələlər sırasında yer almamalıdır.

Amma ümumiyyətlə, dövlət məmurlarının və deputatların bahalı avtomobillər minməsinə gəldikdə, bunu yalnız Naxçıvan kontekstində deyil, bütün ölkə miqyasında - Prezident Adminstrasiyasından tutmuş, Nazirlər Kabmeti, Milli Məclis və s. dövlət qurumlarının hamısına aid etmək lazımdır. Mən sizinlə tam razıyam ki, məmurların bahalı avtomobillər minməsixalqın sərvətinin talan edilməsi hesabına başa gəlir".

Akif NƏSİRLİ

Seçilən
6
baki-xeber.com

1Mənbələr