AZ

"Hazırda Putin Ukrayna məsələsində Trampdan ehtiyat edir" -AÇIQLAMA 

Bu həftə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirdi ki, Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi əslində onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsidir.

"Buna baxmayaraq, o, digər regionlarda konfliktlərin həlli üzrə danışıqlara cəlb olunub. O, daha öncə bir neçə dəfə Rusiyaya da səfər edib. Təkcə bu il ərzində bu, artıq onun beşinci səfəri olacaq.

Belə ki, o, fevral və mart aylarında bir dəfə, apreldə isə iki dəfə həm əvvəlində, həm də sonunda  Rusiya, ABŞ və Rusiya-Ukrayna mövzularında bu ölkəyə səfər etmişdi. Bütün bu səfərlərində müəyyən nəticələr əldə olunub. Məsələn, Rusiyada həbs olunmuş Amerika vətəndaşlarının, yəni mülki şəxslərin geri qaytarılması ilə bağlı addımların atılması olub. Bu səfərlər real nəticə də verib.

Bu dəfəki səfərin əvvəlində bir sıra digər hadisələr baş verib ki, bunlar Uitkofun Rusiyaya bu dəfəki səfərinin bir sıra məsələlərdə faydalı olacağına dair əminlik yaradıb".

Politoloq qeyd etdi ki, avqustun 1-də o, İsraildə olub və bu səfər də kifayət qədər nəticəli olub.

"Uitkofun bir il ərzində danışıqları aparan biri kimi bir neçə uğuru var. Lakin o, ənənəvi diplomat deyil. Donald Trampın dostu olan Uotkov iqtisadi elitadan gəlib və kifayət qədər yetkin yaşda məmur vəzifəsinə gətirilib. O da Tramp kimi milyarderdir, dünyanın bir çox bölgəsində biznes mülkiyyəti var və onun düşüncə tərzi sırf biznesmen yanaşmasıdır. O, “daha az dağıntı ilə daha çox nəticənin əldə olunması üçün bütün yollar məqbuldur” fikrindədir. Xatırladım ki, Həmasla İsrail arasında atəşkəsin əldə olunmasında da Uitkoff həlledici rol oynamışdı.

Yəhudilərin müqəddəs günü olan Şabbatda belə, o, Netanyahunu görüşə məcbur etmişdi. O zaman demişdi: “Mənim vecimə də deyil bu gün hansı gündür, əsas odur, bu gün mən nəticə əldə etmək istəyirəm”. Həmin gün Netanyahu onu qəbul etmişdi və nəticə də əldə olunmuşdu.

Bu kimi faktlar göstərir ki, Uitkoff asta və ehtiyatlı diplomatik yanaşmadan fərqli olaraq, aqressiv və nəticəyə hədəflənmiş davranış sərgiləyir. Bu isə artıq üç ildir davam edən, Ukrayna və Rusiyanı yoran müharibənin dayandırılması üçün həlledici və vacib keyfiyyətdir".

Onun sözlərinə görə, bu səfər avqustun 6-7-nə planlaşdırılıb və bu tarixlər məhz Trampın verdiyi vaxt limitinin bitdiyi dövrə düşür.

"Bu da onu göstərir ki, həmin ultimatumun konkret nəticəsi olmalıdır və bu nəticə həm Rusiyadan gözlə görünən şəkildə güzəştlər tələb edir. Rusiya isə bu səfərə ehtiyatla yanaşır. Rusiyanın mətbuat xidmətinin rəhbərinin “Ukrayna ilə dialoqa qapılarımız açıqdır” kimi mesajlar verməsi də bunu göstərir. Hazırda Vladimir Putin Ukrayna məsələsində Donald Trampdan ehtiyat edir", - deyə Yeganə Hacıyeva vurğuladı.

Xədicə BAXIŞLI
 

Seçilən
3
1
redaktor.az

2Mənbələr