ain.az bildirir, Sherg.az portalına istinadən.
Vaxtında müdaxilə ilə həyat xilas etmək mümkündür
Sumqayıtda dəhşətli hadisə yaşanıb. Hadisə Sumqayıt şəhərində yerləşən Uşaq Xəstəxanasında qeydə alınıb. Sumqayıt şəhər sakini, 6 aylıq körə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.
İnvaziv-kardioloq Muxtar Müseyibovun sözlərinə görə, uşaqlarda infarkt səbəbilə baş verən ölüm halları olmur. Onun sözlərinə görə, infarktın səbəbi əmələ gələn laxtaların ürəyi qidalandıran damarları tıxamasıdır: “Uşaqlarda isə adətən anadangəlmə ürək problemləri nəticəsində ölüm halları ola bilər. Məsələn, qapaqdarlığı (əsasən aortaqapağı), anadangəlmə ritm pozulması, ürəyin iki divar arasının qalınlaşması kimi problemlər ola bilər. Ən çox rast gəlinən ölüm səbəbi anadangəlmə ritm pozulmasıdır. Yeni doğulmuş körpədə əmərkən dərisinin rəngi göyərirsə, bu, anadangəlmə ürək anomaliyasından xəbər verə bilər”.

Uşaq kardioloqu Elnur İmanov Sherg.az-a bildirib ki, bəzi mürəkkəb anadangəlmə ürək qüsurları uşaqlarda infarkta səbəb ola bilir. Onun sözlərinə görə, bu çox nadir görülən bir hal olsa da, 3-4 faiz, xüsusən də Ağciyər Arteriyasından Anomal Sol Koronar Arteriya (ALCAPA) diaqnozu qoyulan uşaqlarda infarkta rast gəlmək olur:
“ALCAPA nadir anadangəlmə ürək anomaliyasıdır. Bu hallar tez-tez səhv diaqnoz qoyulur və ya ani körpə ölümü sindromu kimi təqdim olunur. ALCAPA ürək əzələlərini qanla təmin edən sol koronar arteriyanın aorta əvəzinə ağciyər arteriyasından qaynaqlandığı anadangəlmə ürək xəstəliyidir.
Bu səbəbdən ürək əzələsinin sol tərəfi oksigenli qandan məhrum olur və oksigensiz qan qəbul edir. Bu damarlar insanın koronar arteriya xəstəliyi olanda tıxanır və nəticədə infarkta səbəb olur. ALCAPA xəstəliyi aşkar olunan uşaqlara dərhal cərrahi əməliyyat olunmasını tövsiyə edirik. Əməliyyatdan sonra ürəyi xilas etmək mümkün olur. Lakin xəstəlik nəzarətsiz buraxıldıqda və əməliyyat gecikdirildikdə ölümə səbəb olur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.