AZ

Məhkəməsində rəisin əhvalı pisləşdi, proses təxirə salındı

Sabiq vəzifəli şəxsin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin sabiq rəisi Arzu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Proses zamanı təqsirləndirilən şəxsin digər müdafiəçisi Elxan Azadəliyevin müdafiə çıxışı təqdim etməsi və daha sonra Arzu Əliyevin son sözlə çıxış etməsi nəzərdə tutulmuşdu.

Lakin məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin səhhətində qəfil problem yarandığı üçün prosesin davam etdirilməsi mümkün olmayıb.

Məhkəmə iclasında təcili tibbi yardım çağırılıb və iclas qeyri-müəyyən tarixə qədər təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxsin digər müdafiəçisi Şaiq Mirzəyev çıxış edərək, təqdim olunmuş sübutların hüquqi əsaslardan məhrum olduğunu bildirmiş və müvəkkili barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını məhkəmədən xahiş etmişdi.

Qeyd edək ki, istintaqla müəyyən olunub ki, 2019–2020-ci illərdə Arzu Təvəkkül oğlu Əliyev qeyd olunan vəzifədə çalışarkən xidməti səlahiyyətlərindən sui-istifadə edərək, dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbtinə və həmin ərazilərdə qeyri-qanuni tikintilərə şərait yaradıb. Bunun müqabilində o, müxtəlif şəxslərdən təkrarən külli miqdarda rüşvət almaqda ittiham olunur.

Toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
2
2
olke.az

3Mənbələr