AZ

Ali təhsil müəssisələrinə keçid balları aşağı düşəcək?

Hazırda abituriyentlər həyəcanla ixtisas seçimlərinin başlayacağı günü gözləyirlər. Onları maraqlandıran əsas suallar isə universitetlərə keçid balları ilə bağlıdır.

Bəs, hazırda vəziyyət necədir və ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov danışıb. O bildirib ki, 2025‑ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri artıq açıqlanıb və növbəti kritik mərhələ – ixtisas seçimi – yaxın günlərdə başlayacaq.

O qeyd edib ki, bu mərhələdə abituriyentləri ən çox maraqlandıran suallardan biri isə keçid ballarında dəyişiklik xüsusilə də enmə ehtimalının olub-olmamasıdır.

"Lakin bu ilki statistik göstəricilər və plan yerləri üzrə təhlillər göstərir ki, əksinə, bəzi ixtisaslar üzrə keçid ballarında yüksəliş gözlənilir. İlk olaraq qeyd edilməlidir ki, 2025‑ci ildə qəbul planı 61 minə çatdırılıb. Bu, ötən illə müqayisədə əhəmiyyətli artımdır. Lakin bu genişlənməyə baxmayaraq, 150 və daha çox bal toplayan abituriyentlərin sayı da kəskin şəkildə artıb. Belə ki, 2024‑cü illə müqayisədə bu il 150-dən çox bal toplayanların sayı 10 min nəfər artaraq ümumi rəqabət mühitini daha da sərtləşdirib. Bu isə keçid ballarının enməsi ehtimalını böyük ölçüdə aradan qaldırır. III ixtisas qrupu üzrə – yəni humanitar sahələr, hüquq, jurnalistika, tarix, kitabxanaçılıq və s. – keçid ballarında ciddi enmə gözlənilmir. Əksinə, bəzi ixtisaslarda, xüsusilə dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayı az olan hüquqşünaslıq və psixologiya kimi sahələrdə keçid ballarının bir qədər də yüksəlməsi ehtimalı mövcuddur. Pedaqoji ixtisaslarda – xüsusilə də ibtidai sinif, məktəbəqədər təhsil və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında – keçid ballarının artacağı real görünür. Bunun səbəbləri arasında müəllimlik ixtisaslarına yönəlik sosial müdafiə tədbirləri, təqaüdlər, işə qəbul zamanı üstünlüklər və “sabit iş imkanı” amili önə çıxır. İbtidai sinif və məktəbəqədər təhsil ixtisasları bu il xüsusilə qız abituriyentlər arasında rəqabətli ixtisaslar sırasındadır".

K.Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə – mühəndislik və texniki sahələr – keçid ballarında radikal dəyişikliklər gözlənilmir:

"Riyaziyyat və fizika fənləri üzrə nəticələrin əvvəlki illərlə müqayisədə ortalama bərabər səviyyədə olması bu proqnozu gücləndirir. Xüsusilə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin geniş olması mühəndislik sahələrində keçid ballarının sabit qalacağını deməyə əsas verir.

II ixtisas qrupu üzrə isə fərqli dinamika müşahidə olunur. Buraya iqtisadiyyat, idarəetmə, maliyyə və turizm kimi sahələr daxildir. Bu il ingilis dilli ixtisaslar – məsələn, “İqtisadiyyat (ingilis dili ilə)”, “Biznesin idarə edilməsi (ingilis dili ilə)” – abituriyentlər tərəfindən daha çox seçilir. Bu isə keçid ballarının yüksəlməsinə səbəb olacaq. Çünki həm bu ixtisaslara maraq artıb, həm də həmin ixtisaslar üzrə plan yerləri məhdud saxlanılıb. Eyni zamanda, bu proqramların bir çoxu beynəlxalq əməkdaşlıqlarla bağlıdır və əmək bazarında daha yüksək gəlirli perspektivlər vəd edir.

IV ixtisas qrupu üzrə – yəni tibb və biotexnologiya sahələri – ənənəvi olaraq yüksək bal tələb edən ixtisaslardandır. Bu il də dəyişiklik gözlənilmir. Əksinə, “Müalicə işi”, “Stomatologiya”, “Əczaçılıq” kimi ixtisaslarda keçid ballarında sabit yüksəliş tendensiyası davam edəcək. Bu sahədə plan yerləri məhduddur, amma maraq yüksəkdir. Bu isə keçid ballarının enməsi deyil, artması ilə nəticələnəcək.

Seçilən
53
5
publika.az

6Mənbələr