AZ

“Təhsil sistemində köklü islahatlara ehtiyac var” Dosent

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda təhsil sistemi ilə bağlı bir sıra narahatlıq doğuran problemlər gündəmdədir. Valideynlərin, müəllimlərin və təhsil ekspertlərinin səsləndirdiyi əsas narazılıq ümumtəhsil məktəblərində tədris keyfiyyətinin aşağı düşməsi və repetitorluğun geniş vüsət almasıdır.

Dövlət büdcəsindən təhsilə ayrılan milyardlarla vəsaitə baxmayaraq, əldə olunan nəticələr gözləntiləri doğrultmur. İnsanlar arasında artan narazılıqlar fonunda bu vəziyyət hələ də davam etməkdədir.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev təklif irəli sürüb ki, hazırlığa ehtiyacı olan şagirdlərə dövlət tərəfindən ödənişsiz dəstək göstərilsin.

Gununsesi.info-ya danışan dosent İlham Əhmədov məsələni belə şərh edib:

“Bu gün təəssüf ki, orta məktəb təhsili iflic vəziyyətindədir. Yuxarı sinif şagirdləri demək olar ki, kütləvi şəkildə repetitorların və hazırlıq kurslarının xidmətlərindən istifadə edirlər. Nəticədə imkanı olan şagird daha çox bal toplayır, imkanı olmayan isə geri qalır. Bu isə ədalətli təhsil prinsipinə ziddir və problemin həlli yolu deyil.

Əsas məsələ problemin köklü şəkildə həll edilməsidir. Milli Məclis artıq “Təhsil haqqında” qanun, həmçinin ümumtəhsil məktəbləri və digər normativ sənədləri qəbul edib. Təhsil Nazirliyi də bu hüquqi çərçivələr əsasında fəaliyyət göstərməlidir. Cəmiyyət, Milli Məclis və icra hakimiyyəti orqanları Təhsil Nazirliyindən tələb etməlidirlər ki, o, öz vəzifələrini yerinə yetirsin.

Bu gün təhsildə repetitorluğun kütləviləşməsi və məktəblərin funksional olaraq fəaliyyətini itirməsi Təhsil Nazirliyinin təşkilatçılıq zəifliyinin nəticəsidir. Təəssüf ki, bu sistem ilbəil genişlənir. Burada “kölgə təhsili” adı altında böyük mənfəətlər qazanılır. Deputatların da vurğuladığı kimi, əgər bu proses dövlət hesabına keçiriləcəksə, o zaman təhsil məmurlarının açdığı kurslara dövlət vəsaiti yönələcək və onların dövriyyəsi daha da artacaq. Bu isə məktəblərin funksiyasını daha da zəiflədir.

Təhsil Nazirliyinin fəaliyyətindən belə bir təəssürat yaranır ki, cəmiyyətə təlqin edilməyə çalışılır: “təhsil pullu olmalıdır” – yəni kimin pulu varsa, oxuya bilər, kimin pulu yoxdursa, oxuya bilməz”.

İlham Əhmədov vurğulayıb ki, bu yanaşma artıq orta məktəblərə də sirayət edib:

“20-30 ildir ki, bu model ali təhsil müəssisələrində tətbiq olunur, indi isə pullu doktorantura sisteminə də keçilir.

Bu gün doktoranturada oxuyan şəxs illərlə oxuyub, müvafiq araşdırma aparıb, nəticədə cəmi 500 manat maaşla işləyəcək, amma təhsil üçün illik 2-4 min manat arası vəsait ödəməlidir. Bu, məntiqsiz və ziyanlı bir yanaşmadır. Məsələnin kökündən həll edilməsi üçün dövlət qanunlarının icrasına nəzarət gücləndirilməli, vəzifəli şəxslər üzərinə düşən funksiyanı layiqincə yerinə yetirməlidirlər.

Əgər hər kəs öz vəzifəsini icra etsə, məktəbdə dərslər bərpa olunsa, müəllimlər həqiqətən dərs keçsələr, təhsildə keyfiyyət də bərpa olunacaq. Mənasız sertifikasiya imtahanları əvəzinə məktəblərdə dərs prosesinə nəzarət gücləndirilməlidir, müəllimlərin dərs keçməsinə və şagirdlərin qiymətləndirilməsinə sistemli nəzarət aparılmalıdır. Əgər sertifikasiya anlayışı varsa, bu, real proseslər üzərindən həyata keçirilməlidir”.

İlham Əhmədov əlavə edib ki, hazırda məktəblərdə formal, dolaşıq və yersiz suallarla müəllimlər sertifikasiyaya cəlb edilir, nəticədə onların bir qismi işdən uzaqlaşdırılır, vakant yerlərə isə daha zəif müəllimlər təyin olunur:

“Bir müddət sonra onlar da sertifikasiyadan keçmirlər və bu proses zəncirvari şəkildə davam edir. Bu “imtahan-imtahan oyunu”ndan isə yalnız müəyyən maraqlı məmurlar qazanır. Onlar da bu sistemin dəyişməsində maraqlı deyillər.

Bugünkü nəticələr də bunu təsdiqləyir. Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanın nəticələri olduqca zəif olub. Orta Asiya və Qafqaz respublikaları ilə müqayisədə, eləcə də İran və Türkiyə ilə müqayisədə ciddi geriləmələrimiz var. Bu, məktəb təhsilinin çökdüyünü və repetitorluğun inkişaf etdiyini göstərir.

Bu səbəbdən də bu sahədə kompleks və sistemli islahatlar aparılmalıdır. Ən əsası isə – qanunun aliliyi təmin edilməli, təhsildə kadr siyasəti dürüst şəkildə həyata keçirilməlidir. Təhsillə bağlılığı olmayan, təcrübəsi və peşəkarlığı çatışmayan şəxsləri yüksək vəzifələrə gətirmək olmaz. Çünki təhsil sahəsində qeyri-ixtisas sahibləri bu sahəyə milli dəyər kimi yox, sadəcə biznes kimi yanaşırlar.

Dövlət bu sahəyə illik 5 milyard manat ayırıb. Əlavə vəsait ayırmaqdansa, bu mövcud vəsaitin səmərəli və məqsədyönlü şəkildə xərclənməsi təmin olunmalıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
icma.az

1Mənbələr