Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi barədə əhalinin və fermerlərin məlumatlandırılması üzrə işlər davam edir.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, bu işlər çərçivəsində Fondla Azərbaycan Kənd Qadınları Assosiasiyası arasında “Azərbaycanda qadın fermerlər və aqrar sığorta” mövzusunda onlayn formatda görüş keçirilib.
Aqrar Sığorta Fondunun və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin rəhbər şəxsləri, Azərbaycan Kənd Qadınları Assosiasiyasının rəhbərliyi və İdarə Heyətinin, eləcə də Bakı, Balakən, Qax, Zaqatala, Ağdam və digər rayonlardan müxtəlif sahələrdə çalışan qadın fermerlərin iştirak etdiyi görüşdə ASF-nin İdarə Heyətinin üzvü Roman Əmircanov aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və kənd təsərrüfatına dəstək sahəsində bu mexanizmin rolu barədə geniş məlumat verib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 19 avqust tarixli Fərmanı ilə tətbiqinə başlanan aqrar sığorta bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını əhatə edir. Hazırda Aqrar Sığorta Fondu tərəfindən 41 növ bitki növü, eləcə də iri və xırda buynuzlu heyvanlar sığortalanır.
Görüşdə aqrar sığortanın əhatə etdiyi risklər barədə geniş məlumat verilib. Vurğulanıb ki, aqrar sığorta təsərrüfatları təbii fəlakətlər, fırtına-qasırğa, yanğın, şaxtavurma, sel-subasma, vəhşi heyvanların və quşların hücumu, 3-cü şəxslərin hərəkətləri və digər risklərdən qoruyur. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi isə fermerlərə cüzi ödənişlə sığortalanmağa imkan verir.
Görüşdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qasımova aqrar sığortanın əhəmiyyəti və onun fermerlərə yaratdığı üstünlükləri qeyd edərək mexanizmin təbliğatının vacibliyini bildirib.
Qadın fermerlərin aqrar sığortanın əhatə etdiyi torpaq sahələrinin sənədləşməsi, sığortanın qoruduğu hadisələr, indiyədək edilən sığorta ödənişləri və digər mövzularla bağlı sualları cavablandırılıb.
Qeyd olunub ki, hazırda Aqrar Sığorta Fondu ilə bağlanan aqrar sığorta müqavilələrinin təqribən 9 faizi qadın fermerlərin payına düşür və bu rəqəm artmaqdadır. İndiyədək 200-ə yaxın qadın fermer Aqrar Sığorta Fondundan sığorta ödənişi alıb.
Görüşdə arıçılıq və quşçuluq təsərrüfatlarının sığortası ilə bağlı məsələlər də qaldırılıb. Diqqətə çatdırılıb ki, bununla bağlı layihə artıq hazırlanaraq müvafiq şəkildə təqdim olunub və qarşıdakı dövrdə göstərilən sahələrin də sığorta edilməsinə başlanılması nəzərdə tutulur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.