AZ

Mülki silahı necə əldə etmək olar?- Polisdən AÇIQLAMA

Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldə etmək hüququna malikdir. Bu hüquq qanunla təmin edilir və şəxsin müəyyən şərtləri ödəməsi şərti ilə tətbiq olunur.

Mülki silah nədir?

Mülki silah dedikdə özünümüdafiə, ov və idman məqsədləri üçün istifadə olunan silahlar nəzərdə tutulur. Özünümüdafiə silahı yalnız hücumu dəf etmək üçün nəzərdə tutulmuş, gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püskürdücü və ya aerozol qurğulu qaz silahını ifadə edir. İdman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Ov silahı isə vəhşi heyvanların və quşların ovlanması məqsədi ilə istifadə olunan yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahlar deməkdir.

Bəs, mülki silahı əldə etmək üçün nə etmək lazımdır? Kimlərə mülki silah verilə bilər?

Far.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, mülki silahın əldə edilməsi ilə bağlı daxil olmuş müraciətlər kütləvi xarakter daşımır:

"Qeyd edək ki, respublikamızda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ var".

Qurum rəsmisi qeyd edib ki, mülki silahı, yəni özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahı əldə etmək istəyən vətəndaş Daxili İşlər Nazirliyinə aidiyyəti üzrə müraciət etməlidir.

"Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması yoxlanılır. Araşdırıldıqdan sonra həmin şəxsə müvafiq silahın verilib-verilməməsi barədə qərar qəbul olunur", - o əlavə edib.

Seçilən
19
12
far.az

10Mənbələr