AZ

Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Moskvanın Basmannı Məhkəməsi  “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, iki gün əvvəl Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.

Qeyd edək ki, bundan əvvəl Yekaterinburq məhkəməsində Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etməkdə ittiham olunur. 

M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir. Həmin hadisə zamanı avtomildə olan Şahin Şıxlinski saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib. 

Adalet.az xəbər verir ki, Modern.az-a açıqlamasında Şahin Şıxlinskinin qohumu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, diaspor rəhbəri hazırda Yekaterinburqdadır və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Şahinin saxlanıldığını dəqiq bilirəm, lakin birbaşa əlaqəm və vəziyyəti barədə məlumatım yoxdur”.

O eyni zamanda qeyd edib ki, Şahin Şıxlınskinin Yekaterinburqda saxlanılmasının əsas səbəbi kimi hüquq-mühafizə orqanlarına müqavimət göstərməsi göstərilir.

“Məşhur videokadrlar da məhz bu səbəblə əlaqələndirilir. Hərçənd bəzi iddialara görə o, guya insan qətlində günahlandırılır. Lakin bunlar əsassız söz-söhbətlərdir. Hazırda bu barədə rəsmi şəkildə heç bir ittiham irəli sürülməyib”.

Xatırladaq ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.

Seçilən
33
50
adalet.az

10Mənbələr