Bakı, 5 avqust, AZƏRTAC
“Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Füzuli və Beyləqan gəncləri üçün "Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə" təlimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iyulun 29-dan avqustun 1-dək həyata keçirilən təlimlərin əsas məqsədi regionlarda gənclərin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsi olub.
Dörd gün davam edən təlim proqramı çərçivəsində Füzuli və Beyləqan Gənclər evlərində keçirilən təlimlərdə gənclərə media savadlılığı, informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və qiymətləndirilməsi, həmçinin saxta informasiyanın müəyyənləşdirilməsi, hibrid təhdidlər, dezinformasiya, misinformasiya, malinformasiya, rəqəmsal təhlükəsizlik və müdafiə bacarıqları və digər mövzular izah olunub, real faktlar üzrə nümunələr göstərilib.
İnteraktiv təlimlərdə sosial medianın dövlətlər və cəmiyyətlər üçün yaratdığı digər problemlərdən də bəhs olunub, dezinformasiya ilə mübarizə vasitələri və yolları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, hibrid təhdidlər və media savadlılığı təlimi gənclər üçün həm fərdi inkişaf, həm də milli təhlükəsizlik baxımından çox vacibdir. İnformasiya texnologiyalarının inkişafı bəşəriyyət üçün yeni imkanlar yaratsa da, ciddi təhlükələrlə də müşahidə olunur. Belə bir mühitdə media savadlılığı, sadəcə, jurnalistlərin və ya mütəxəssislərin işi deyil, hər bir vətəndaşın bilməsi lazım olan bacarıqdır. İnformasiyanı düzgün oxumaq, mənbəni yoxlamaq, saxta və ya manipulyativ məlumatı ayırd etmək – bunlar XXI əsrin ən vacib bacarıqlarındandır. Ona görə də tənqidi düşünmək, faktlarla emosional manipulyasiyanı ayırd etmək olduqca mühümdür.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.