"Qarabağ" İspaniyanın "Rayo Valyekano" klubunda çıxış etmiş Conatan Montieli heyətinə qatsa da, onun adı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şkendiya" matçı üçün iştirak ərizəsinə əlavə olunmayıb.
Moderator.az xəbər verir ki, futbolçu heyətə yeni qoşulduğundan, onun sabahkı oyunda iştirakı onsuz da mümkünsüz görünürdü. Bakıdakı cavab matçı üçün ona az da, olsa şans veriləcəyini ehtimal etmək olardı.
Amma "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Qol.az-a bildirdiyinə görə, ispan futbolçu "Şkendiya" ilə hər iki görüşdə iştirak edə bilməyəcək. Buna səbəb onun adının 3-cü mərhələ üçün sifariş edilməməsidir.
"Qaydalara görə, yeni futbolçunun adı yalnız təsnifat mərhələsi bitəndən ən geci bir gün sonra UEFA-ya göndərilə bilər. Yəni Conatan Montielin durumunda onun adı "Şelburn"la cavab matçından sonra sifariş edilməli idi. Amma o, klubumuza dünən transfer olunub. Bu səbəbdən adı iştirak ərizəsinə salına bilməzdi".
Beləliklə, Conatan Montiel yalnız pley-off mərhələsi üçün sifariş olunacaq.