Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları müdafiə müəssisəsinin rəhbərinin qətlinin hazırlanmasında iştirak edən şəxsi dövlətə xəyanətdə şübhəli bilərək saxlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
"Xarici dövlətə yardım göstərmək şəklində dövlətə xəyanətdə iştirak edən şəxsin qanunsuz fəaliyyətin qarşısı Federal Təhlükəsizlik Xidməti tərəfindən alınıb", - deyə məlumatda bildirilib.
FTX-nin məlumatına görə, rusiyalı "Telegram" mesenceri vasitəsilə Rusiyada qadağan edilmiş ukraynayönlü terror təşkilatlarından birinin nümayəndəsi ilə konfidensial əməkdaşlıq qurub, onun göstərişi ilə Bryansk vilayətinin Trubçevsk rayonuna gəlib, sonradan Belqorod ərazisində müdafiə sənayesi müəssisələrindən birinin baş direktorunu öldürmək üçün istifadə edilməsi planlaşdırılan və tərkibində odlu silah və partlayıcı maddələr olan PUA-nı ələ keçirməyə cəhd edib.
Hadisəni törədən şəxs cinayət planının həyata keçirilməsi prosesi zamanı saxlanılıb.
Ona qarşı Federal Təhlükəsizlik Xidməti İdarəsinin Bryansk vilayəti üzrə İstintaq Şöbəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə xarici təşkilata yardım şəklində dövlətə xəyanət) maddəsi üzrə cinayət işi qaldırılıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.