D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 31 iyul tarixində Lənkəran rayonunun “Lüks Lənkəran” otelinin konfrans zalında keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə 14 nəfər iştirak etdi. İştirakçılar əsasən Lənkəran rayonunun bələdiyyə nümayəndələrindən ibarət idi. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Famin Mirzəyev də iştirak edirdi.
Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva keçirdilər.
Layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır.
1-ci mərhələdə əsas məqsədlər aşağıdakılardır:
-
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi:
-
Bələdiyyə fəaliyyəti qanunvericilikdə və reallıqda;
-
Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı;
-
-
Bələdiyyələrin maliyyə dayanıqlığına yardım göstərilməsi:
-
2024-cü ildə Milli Məclis tərəfindən “Qrantlar haqqında” qanuna edilən dəyişikliklərə əsaslanaraq bələdiyyələrin qrant əldə etmə imkanlarının artırılması;
-
Bələdiyyələrin layihə təklifləri hazırlamaq, real ideyaları layihələşdirmək, müsabiqə və tenderlərdə iştirak etmə bacarıqlarının inkişaf etdirilməsi.
-
Planlaşdırılan mövzularla bağlı iştirakçılara ətraflı məlumat verildi və müzakirələr aparıldı. “Bələdiyyə-əhali” və “bələdiyyə-sahibkar” münasibətləri mövzuları iştirakçılar tərəfindən maraqla qarşılandı və aktiv müzakirə edildi.
İştirakçılara bildirildi ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qrantlar haqqında” qanuna edilən dəyişiklik Milli Məclisin birinci oxunuşunda qəbul olunub. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onların qrant ala bilmələrinə imkan yaradır.
İştirakçıları narahat edən əsas məsələlər:
-
Bələdiyyələr “DOST” xidmətinin onlara da şamil edilməsini istəyirlər.
-
Yerli vergilərin toplanmasında çətinliklər yaşanır.
Təklif:
Bələdiyyələrə güzəştli kreditlərin ayrılması məqsədəuyğun olardı.
İştirakçılara “Sosial xidmət haqqında” qanun və bu qanunun 26-cı maddəsində nəzərdə tutulan sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərmanla bağlı məlumat verildi. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyat və müraciət formaları haqqında da məlumat çatdırıldı.
Tədbirdə iştirakçılara layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı bilgilər verildi.
Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölünərək sərbəst şəkildə seçdikləri bir ideyanı layihələşdirmək tapşırığını yerinə yetirdilər. Hər qrupun bir nümayəndəsi hazırladıqları layihə təklifini təqdim etdi.
İştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunmuşdu.
Tədbirin sonunda ev tapşırığı verildi: iştirakçılar seçdikləri bir ideyanı layihələşdirməli (layihə təklifi və büdcə ilə birlikdə) və ikinci mərhələdə keçiriləcək tədbirə gətirərək təqdim etməlidirlər.