Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclas keçirilib.
AAF-dan AZƏRTAC-a verilən məlumata görə, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan hesabat xarakterli toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları iştirak ediblər. İlk olaraq İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyinin yekunlarına dair məşqçilərin hesabatı dinlənilib.
U-15 və yeniyetmələrdən ibarət yığma komandaların heyətində yer alan atletlərin nəticələri və fərdi inkişaf dinamikası ayrı-ayrılıqda nəzərdən keçirilib. Daha sonra idmançıların qidalanması və reabilitasiyası ilə bağlı həkim heyətinin rəyi öyrənilib. İclasda, həmçinin yığma komandaların planlaşdırılan təlim-məşq toplanışları ilə bağlı konkret tapşırıqlar verilib. Hazırlıqların təşkilində məqsəd ilin vacib yarışlarına (VI İslam Həmrəyliyi Oyunları, dünya çempionatı, gənclərin Avropa birinciliyi) yollanacaq heyətin formalaşdırılmasıdır.
Toplantının sonunda federasiyadaxili cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.