AZ

Dünya üçün gözlənilməz ABŞ Fələstin dövlətini tanımağa hazırlaşır?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının 10-dan çox demokrat üzvü Donald Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağıran məktub imzalayıb. “Axios” portalının məlumatına görə, məktubu imzalayanlar Fələstinin dövlət kimi tanınması ilə bağlı qətnamə təqdim etməyi planlaşdırır. Məktubun Qəzza zolağında baş verən humanitar böhrana cavab olaraq imzalandığı bildirilib. Hətta bəzi respublikaçılar və Nümayəndələr Palatasındakı İsrail tərəfdarları Netanyahu hökumətini tənqid etməyə başlayıblar.

Bu təşəbbüsün reallaşması realdırmı? ABŞ-ın xarici siyasətinə və İsrail-Fələstin münasibətlərinə uzunmüddətli təsirləri ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, BMT-nin 193 üzvündən 47-si Fələstini dövlət kimi tanıyıb, lakin bu, İsrailin Qəzza zolağını işğal etmək planlarına mane olmayıb:

“Qərbin aparıcı ölkələri İsrailin Qəzzaya blokada tətbiq etməsini və humanitar yardımların göndərilməsinə mane olmasını qəti şəkildə pisləsələr də, bu, Təl-Əvivin Fələstinə aid mülki inzibati idarəetməni ləğv etməsi, habelə HƏMAS-ın hərbi potensialını sıfırlamağa yönəlmiş planlarını həyata keçirməsinə mane olmayıb. İsrail beynəlxalq reaksiyalardan sonra humanitar dəhlizlər yaratdı, lakin bu, Qəzzadakı ciddi humanitar fəlakəti aradan qaldırmağa kifayət etməyib. XXI əsrdə belə bir blokadanın tətbiqi və ərzaq çatdırılmasına mane olmaq yolverilməzdir. Bu siyasət İsraildə də ciddi narahatlıq yaradıb və artıq narazılıqlar aksiyalarla ifadə olunur. Netanyahunun müdafiəsinə baxmayaraq, Tramp da bu reaksiyalardan sonra humanitar addımlar atmağa çağırıb və nümayəndəsini göndərəcəyini açıqlayıb. Lakin bu tədbirlərin problemi həll edib-etməyəcəyi hələ də şübhəlidir”.

Həmçinin oxuyun:

Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar

Zaur İbrahimli

Politoloq qeyd edib ki, ABŞ Nümayəndələr Palatasında Qəzza tərəfdarı olan təmsilçilərin sayı artsa da, ciddi dəyişiklik olması çətin məsələdir:

“Əgər onlar müvafiq qətnamələr qəbul etsələr və ya ABŞ-ı İsraillə hərbi əməkdaşlıqdan çəkindirməyə müvəffəq olsalar, nəticələr ola bilər. Lakin bu, indiki vəziyyətdə real təsir göstərməkdən uzaqdır. Beynəlxalq birliyin fələstinlilərə real dəstək vermək üçün daha konkret addımlar atması lazımdır. Bu mərhələdə diplomatik təzyiqdən daha çox iqtisadi, silah satışları, nəqliyyat və logistikaya dair təzyiqlər ön plana çıxmalıdır. Bu addımlar atıldıqdan sonra İsrailin Qəzza siyasətini dəyişməsi mümkündür. Hazırda isə diplomatik təzyiqlər artmaqda davam edir. İsrail beynəlxalq təcridi əngəlləmək üçün öz təbliğat üsullarını işə salır və əmindir ki, Vaşinqton bu təcridin qarşısını alacaq. Tarixdə bu cür diplomatik izolyasiya cəhdləri ABŞ-ın səyləri ilə nəticəsiz qalıb və BMT qətnamələri bloklanıb. ABŞ-ın mövqeyi dəyişməyib, lakin beynəlxalq birlik real addımlar atmağa başlasa, Tramp administrasiyası müvafiq təzyiq göstərməyə məcbur ola bilər”.

Z.İbrahimli əlavə edib ki, hazırda beynəlxalq birliyin fəaliyyətsizliyi əsasən ABŞ liderinin İsraili dəstəkləməsi ilə bağlıdır:

“Bu humanitar fəlakət artıq Tramp administrasiyasını narahat edir və ehtimal ki, İsrailin bu siyasətini davam etdirməsi hökumət daxilindəki müxtəlif qruplar arasında fikir ayrılıqlarını dərinləşdirəcək. Bu da ABŞ Prezidentinə qarşı təzyiqlərin artmasına səbəb ola bilər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
1
globalinfo.az

2Mənbələr