AZ

BMU-İNHA ikili diplom proqramında data analitikası ixtisasına qəbul başlayır

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində bu il qəbulu həyata keçirilən ixtisaslardan biri də data analitikasıdır (data elmləri).

Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU müasir dövrün tələbi olan bu ixtisası ölkəmizdə tədris edəcək ilk universitetlərdən biridir. Bu gün rəqəmsal texnologiyaların müasir inkişafı dövründə müxtəlif fəaliyyət sahələrində tamamilə yeni ixtisas olan data analitikaya böyük tələbat yaranıb.

Data analitikası - məlumatların toplanması, təhlili, vizuallaşdırılması və onlardan qərarvermədə istifadə olunması üzrə ixtisaslaşmış data analitiklər, data elmi və maşın öyrənməsi mühəndisləri, biznes analitikləri kimi mütəxəssislərin hazırlanmasını təmin edən yeni ixtisasdır. Data analitikası ixtisasını bitirən məzunların karyera imkanları genişdir və onlara bank, maliyyə, vergi, e-ticarət, marketinq, səhiyyə, təhsil, o cümlədən digər sahələrdə böyük ehtiyac var. Data analitiklər beynəlxalq və yerli şirkətlərdə yüksək əməkhaqqı ilə işləmək imkanına malikdirlər. Bu sahə üzrə ixtisaslaşanlar “Python”, SQL, “Power BI” və s. müasir alətləri öyrənərək rəqəmsal dünyada liderlik imkanı əldə edirlər. Həmçinin beynəlxalq mühitə inteqrasiyaları genişlənir, müasir tələblər səviyyəsində ingilis dilində tədris sayəsində qlobal layihələrdə iştirak, iş mühitində uğura nail olmaq şansı qazanırlar.

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb. Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən data elmləri, BMU tərəfindən isə data analitikası ixtisası üzrə bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir.

Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və digər bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU- İNHA İDP-də Azərbaycan vətəndaşı olan, 2025-ci ildə DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 25 tələbə data analitikası (data elmləri) ixtisası üzrə təhsil almaq hüququ qazanacaq. Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada təşkil olunan riyaziyyat, fizika, ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri avqustun 9-u saat 23:55-dək “onlayn anket”ə daxil etməlidirlər.

BMU-İNHA İDP-ə qəbul üçün daxili imtahan avqustun 11-də tarixində keçiriləcək. İmtahan nəticələri isə avqustun 15-də elan olunacaq. Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

 

Seçilən
0
9
azertag.az

10Mənbələr