AZ

İlham Əliyevdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Bu barədə Editor.az  President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin dayanıqlılığının təmin edilməsi, bu sahədə infrastrukturun daha da yaxşılaşdırılması, istehlakçıların enerji təchizatının səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənəcək.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməli və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti isə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qeyd edək ki, elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə edilməsi və inkişafı fəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrik enerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz və səmərəli təchizatına xidmət etmişdir.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər, öz növbəsində, kommunal infrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz enerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir.

Seçilən
60
37
editor.az

10Mənbələr